Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcəkbackend

COVİD-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi andan etibarən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülmüş və əməli addımlar atılmışdır.

Bu mənada Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifinin 130-dan çox ölkə tərəfindən dəstəklənməsi xüsusi qeyd olunmalıdır. Sevindirici haldır ki, ölkə başçısının təklifini dəstəkləyən ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyasının da həmin ölkələr sırasında olmağı pandemiyaya qarşı ölkəmizin həmrəylik mesajının qonşu dövlətlər tərəfindən də dəstəklənməsinin bariz nümunəsidir.
Artıq BMT Baş Assambleyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci Xüsusi Sessiyası iyulun 10-da işə başlayıb. Əminəm ki, videokonfrans formatında keçirilən xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq, eyni zamanda beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün böyük bir addım olacaq. Təbii ki bu məsələdə dünya ölkələrinin sıx əməkdaşlıq etməsi qaçılmaz reallıqdır.
Bildiyimiz kimi, Xüsusi Sessiyanın keçirilməsi ilə bağlı ölkə başçısı 06 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı zamanı fikrini bildirmişdir: “Biz bu təşəbbüsü irəli sürəndə bir məqsədi güdürdük ki, artıq dünya miqyasında səylərimizi birləşdirək. Bu təşəbbüslə əlaqədar bizim konkret təkliflərimiz də olacaqdır. Çünki türk dünyasında biz bunu keçirdik, 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı çərçivəsində keçirdik. İndi biz dünya miqyasında bunu keçirmək istəyirik ki, burada vahid bir yanaşma tətbiq olunsun, ölkələr özlərinə qapanmasın, inkişaf etmiş ölkələr ağır vəziyyətdə olan ölkələrə kömək göstərsinlər”. Bəli, ölkə başçısının istəyi və niyyəti məhz budur. Bütün dünya ölkələrinə, xüsusilə də inkişaf etməkdə olan ölkələrə qarşı vahid yanaşma tətbiq olunsun və onlara da kömək olunsun.
BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində 130-a qədər ölkə təşəbbüsə dəstək vermiş və bu təşəbbüsün çox ehtiyac duyulan olduğunu vurğulamışdır. Bunun “ehtiyac duyulan” addım olmasının isə iki təməl səbəbi mövcuddur. İlk olaraq, hər birimizə aydındır ki, koronavirus pandemiyası bəşəri problemdir və onun qarşısının alınması üçün ciddi toplantılara, görüşlərə və fikir mübadiləsinə ehtiyac var. İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs də dünyanın, beynəlxalq ictimaiyyətin müzakirələrə, dialoqa və məsləhətləşməyə çox ehtiyacı olduğu bir zamanda irəli sürüldü. İkincisi isə şübhəsiz ki, Azərbaycan Prezidentinin şəxsi nüfuzu. Azərbaycan artıq beynəlxalq arenalarda qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır və etimad göstərilir. Dəstək verən dövlətlər anlayırlar ki, Prezident İlham Əliyevin təklifi ilə keçiriləcək Xüsusi Sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək və daha mütəşəkkil qərarlar qəbul etməyə, qlobal böhrandan tez və asan çıxmağa kömək edəcək.
Onu da nəzərə çatdırım ki, BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında keçirilir. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
Heç şübhəsiz ki, bir müddət sonra pandemiya dövrü bitəcək və həyatımız normal axarına dönəcək. Ancaq, Azərbaycanın və onun liderinin cəsarətli təşəbbüsləri və uzaqgörən siyasəti dünya tarixində daim xatırlanacaq və qiymətləndiriləcək. Biz inanırıq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində nəhayət ki, BMT öz rəsmi fəaliyyətini bərpa edərək pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı