Yalnış informasiyalar və onlardan yaranan problemlər – ARAŞDIRMAbackend

Ailə ata-ana və övladların qarşılıqlı sevgisi əsasında var olan müqəddəs qurumdur. Hər bir ailənin öz qanunları, əxlaqi dəyərləri olur. Ailədə məsuliyyətli və əxlaqlı övladların yetişməsində əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının çox böyük təsiri var.
Müasir toplumlarda inamlı uşaq və yeniyetmə tərbiyəsinə nail olunması üçün hansı məsələlərə diqqət edilməli olunduğu müasir dövrümüzdə tərbiyə çox aktual məsələdir.

Ailə və nikah bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan, kişi ilə qadın arasındakı münasibətləri, onların nəsil və övladlara olan münasibətlərini tənzimləyən sosial institutdur.
Ailə formalaşdıqca ailə məsələləridə ortaya çıxır.
Son illərdə ölkəmizdə kifayət qədər ailə məsələləri medianın diqqətində olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə zəruri tədbirlər görməsinə baxmayaraq, belə halların baş verməsi və onların baş vermə zərurəti çoxalır.
Azərbaycan Respublikasının Media haqqında qanununun 14-cü maddəsində mediada dərc olunan və yayımlanan informasiyaya tələblər nəzərdə tutulub. Bu tələblər arasında şəxsi və ailə həyatına aid sirrlərin mühafizəsi, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun müddəalarına əməl olunması kimi vacib məsələlər yer alır. Peşə etikası normaları da onu tələb edir ki, media ictimai əxlaqa, mənəvi dəyərlərə zərər gətirən informasiyanı yaymasın. Bu da medianın peşəkarlıq səviyyəsi ilə birbaşa bağlıdır .
Bu gün Azərbaycan mediasında düzgün ailə obrazının yaradılmasında əsas problem qeyri-peşəkar media ilə bağlıdır. Bəzən jurnalistlər unudur ki, ailə-məişət mövzusunda neqativ hadisələrin, cəmiyyət üçün xarakterik olmayan nümunələrin aşırı dərəcədə tirajlanması yalnış ailə modelinin təbliğinə gətirib çıxarır. İctimai əhəmiyyət kəsb etməyən lokal xarakterli ailə münaqişələrinin durmadan gündəmə gətirilməsi yaxşı hal deyil. Xoşagəlməz nəticələrə gətirib çıxaran daha bir hal Azərbaycan qadının əxlaqı barədə yanlış təsəvvürlər formalaşdıran nümunələrin qabardılmasıdır. Təəsüflər olsun ki, bəzən azyaşlıların gələcək həyatına neqativ təsir göstərə biləcək mövzularda uşaqlar müzakirələrin mərkəzinə gətirilir, onların siması açıq formada nümayiş etdirilir. Bəzən problemi olan ailələr ekspert qismində çıxış edən şəxslər tərəfindən yalnış mühakimə edilir. Artıq bəzi ailələr öz problemlərini media vasitəsilə nəinki işıqlandırmağa , hətta həll etməyə çalışırlar ki, bu da medianın fəaliyyət istiqamətini yalnış yerlərə yönləndirir. Burada qeyd etmək laızmdır ki, informasiya mənbəyi qismində çıxış edən qurumlar da jurnalistlərlə işləyərkən həssas olmaldırılar.
Biz şüuraltı olaraq oxuduğumuz və baxdığımız məlumatlarda öz həmfikirlərimizi, özümüzün bu informasiyada əksini axtarırıq və bunu tapanda izlədiyimiz kontentdəki obrazlar bizim üçün örnəyə çevrilə bilir. Bu mənada media düzgün nümunələri göstərməyə can atarsa və ya mənfi örnəklərin mənfi olduğunu düzgün formada auditoriyasına çatdıra bilərsə, ictimai rəydə düzgün təsəvvürlərin formalaşdırılmasında ciddi addım atmış alacaq. Belə həssas məqamların daim diqqətdə saxlanılması üçün hər bir media subyektinin öz redaksiya siyasətinin olması vacibdir. Redaksiya siyasəti dedikdə peşə etikası çərçivəsində davranış meyarlarını özündə əks etdirən qaydalar toplusunu nəzərdə tuturuq.
Geridə qoyduğumuz ildə hər bir redaksiyasının peşə kodeksinin hazırlanması üçün köməklik göstərmək məqsədilə Meidanın İnkişafı Agentliyi tərəfindən həm saytlara, həm qəzetlərə, həm də televiziyalara nümunəvi forma təqdim olunub. Artıq media subyektlərində həmin nümunəvi formaya əsasən müzakirələr aparılıb, bir çox redaksiyalar öz peşə kodekslərini hazırlayaraq saytlarına yerləşdiriblər. Etik norma və davranış qaydalarında qeyd olunur ki, zorakılıq,cinayət və s.mənfi təzahürlü məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə yol verilməməlidir, əhalinin həssas qruplarına,uşaqların,yektinlik yaşına çatmayanların fiziki,əqli və mənəvi inkişafına zərər vuran məlumat və təsvirlərdən istifadə olunmamalıdır. Uşağa qarşı cinsi xarakter daşıyan cinayətlə bağlı məlumatda uşağın şəxsiyyəti , kimliyi gizli saxlanılmalıdır. Zəruri hallarda yayılan materiallarda müvafiq yaş məhdudiyyəti infikatorları tətbiq edilməlidir. Bu məsələ detallı formada “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda da öz əksini tapıb.
Mediada ailə obrazının yanlış tərzdə işıqlandırılmasına yol açan neqativ tendensiyalar daha çox media subyektinin ayrı-ayrı əməkdaşlarının qeyri-peşəkarlığından irəli gəlir. Bu da onu deməyə əsas verir ki, kadrların peşəkarlığını artırmaqla bu problemlərin həlli istiqmaətində tutarlı addım atmaq olar.
Dərindən təhlil apardıqda medianın ailə həyatına təsirinin digər institutlardan daha çox olduğunu müşahidə etmək olar. Bu gün daha çox xarici seriallarda ailə institutunun müqəddəsliyi əvəzinə məqsədyönlü şəkildə ailədənkənar həyat tərzi geniş şəkildə təbliğ olunur. Bu da həmin serialları izləyən insanların şüuruna təsir göstərir. Eləcə də ailəli insanlarda ailədənkənar həyat tərzinə qarşı meylin meydana gəlməsinə səbəb olur. Telemaqazin formatında olan və daha çox şou-biznes əhlinin şəxsi həyatlarından bəhs edən proqramlar bir tərəfdən ailə institutu üçün böyük təhlükə olan qeybətin, dedi-qodunun bir növ leqallaşmasına şərait yaradır, digər tərəfdən həmin insanların ənənəvi ailə dəyərlərimizə o qədər də uyğun olmayan həyat tərzini təbliğatını aparmaq yolu ilə bu həyat tərzinə rəğbətin formalaşmasına xidmət edir. Televiziya kanallarında son illər dəbdə olan ayrı-ayrı fərdlərin ailə problemlərini müzakirə obyektinə çevirən proqramlar isə əksər hallarda şou xarakteri daşıyır və problemlərin nəinki həllinə kömək göstərmir, əksinə bəzi hallarda onların daha da dərinləşməsinə gətirib çıxarır. Problemin başqa sferasını internet, xüsusilə də sosial şəbəkələr təşkil edir. Ələlxüsus, burada son dövrlər müşahidə olunan sosial şəbəkələrdə ailədaxili məsələlərin açıq şəkildə müzakirə olunmasına diqqət çəkmək istəyirəm. Belə ki, sosial şəbəkələrdə ailənin ən yaxın fərdləri ilə belə danışılması yolverilməz olan, ailəyə məxsus olan məhrəm mövzular yüzlərlə, bəlkə minlərlə insanların iştirakı ilə müzakirəyə çıxarılır. Nəticədə bu cür halların çoxalması ailə üçün təhlükə mənbəyi olan arzuolunmaz faktların – xəyanət, qeybət, qısqanclıq kimi halların sayının artmasına gətirib çıxarır. Halbuki ailənin möhkəmliyi üçün ailədaxili sirlərin qorunması ailə mülkiyyətinin qorunmasından daha vacibdir.
Qadın problemləri bütün dövrlərdə, bütün quruluşlarda mövcud olub, cəmiyyətin həyatında çox mühüm əhəmiyyət kəsb edib. Müsəlman aləmində yaşayan qadınlarla digər dinlərə mənsub olan qadınlar arasında həyat tərzində, dünyagörüşlərində fərqlər özünü göstərib. Fanatik adətlər, ağır güzəran, savadsızlıq, ictimai həyatdan təcrid olunmuş şəraitdə yaşamaq, cəmiyyətdə qadın sərbəstliyinə etimadsızlıq üzündən qadının sosial həyatdan kənarda qalması onun şəxsi həyatı üçün bir sıra çətinliklər yaradıb.
İctimai fəaliyyətsizlik, təhsilə cəlb edilmə zamanı oğlanlarla qızlar arasındakı ayrı-seçkilik, cəmiyyətdən təcrid olunma qadınların dünyagörüşünün məhdudluğuna, mədəni inkişafdan geri qalmalarına səbəb olurdu. Ona görə də qadınların böyük əksəriyyəti öz talelərini ailə ağsaqqallarının ixtiyarına buraxırdılar. Çox zaman təhrif olunmuş halda dini görüşləri yayanlar və fanatik din xadimləri tərəfindən qadınların şəriət üzrə müəyyən olunmuş hüquqları pozulurdu. Onlar valideynləri və ərləri tərəfindən təzyiqlərə məruz qalırdılar. Qadın problemlərinin Azərbaycan mətbuatının baş mövzusuna çevrilməsi bir tərəfdən siğə, azyaşlı qızların ərə verilməsi, onların təhsilə yaxın buraxılmamasının tənqidinə daha çox yer ayıran “Molla Nəsrəddin” jurnalının çıxışlarının daha cəsarətli şəkil alması ilə, digər tərəfdən əvvəlki ilə nisbətən 1907-ci ildə mətbu nəşrlərin sayının artması və jurnalın yazılarına onların verdikləri reaksiyanın doğurduğu əks-səda ilə bağlı idi. Artıq Bakıda nəşr olunan “İrşad”, “Tazə həyat”, “Təkamül”, rus dilində çıxan “Kaspi”, “Bakinskiye izvestiya”, “Baku”, “Bakinski den” qəzetləri, habelə “Füyuzat” jurnalı ictimaiyyətin diqqətini özünə cəlb edən mətbu orqanlar sırasında idi. Onların hər biri “Molla Nəsrəddin” jurnalının mövzuları ətrafında öz məsləklərinə uyğun yazılar verir, qadın azadlığı ilə əlaqədar məsələləri günün mövzusuna çevirirdilər. “Molla Nəsrəddin” jurnalının Azərbaycan qadınının azadlığı uğrunda başladığı mübarizənin 1906-cı ilə nisbətən 1907-ci ildə daha da qızışdığı, mətbuatda bir-birinin ardınca məqalələr, felyetonlar, satirik şeirlər yazılıb problemin həllinə səy göstərildiyi bir dövrdə əks mövqedə dayananlar arasında Haşım bəy Vəzirovun adı tez-tez çəkilirdi. Vəzirov islama yaxşı bələd olan bir ziyalı idi. Yeri gəldikdə, hiylə yolu ilə avam camaatı soyan mollaları, qazı və müftiləri tənqid etməkdən çəkinmirdi. “İttifaq” qəzetini nəşr edərkən onun 221-ci sayında fanatizmə, təhrif olunmuş halda dini görüşlər yayanlara qarşı tənqidi məqalələr dərc edib. Bakı qradonaçalniki şəhərin müsəlman əhalisinin dini görüşlərini “təhqir etdiyinə görə” qəzetin bağlanması haqqında qərar verib. Buradan aydın görünür ki, Haşım bəy bir redaktor kimi, “Tazə həyat” qəzetində din xadimlərinə hicabın vacib olduğu ilə bağlı tribuna verirdisə, şübhəsiz, bu çıxışlar onun şəxsi görüşlərini də ifadə edirdi.
Fanatik dindarların təqiblərinə, şəxsi həyatları üçün tez-tez yaranan təhlükələrə baxmayaraq, satira jurnallarının yazarları Azərbaycan qadınının taleyi ilə bağlı “Molla Nəsrəddin”in başladığı kampaniyanı mühüm ictimai-siyasi problem kimi yaradıcılıq planlarına daxil etmişdilər. Müsəlman qadının azadlığı ilə bağlı yazılar verib Azərbaycanda bu yolda çalışan ziyalıları müdafiə edənlərdən biri də “Tərcüman” qəzeti idi. Qəzet Bağçasarayda Krım tatarlarının dilində 1883-1918-ci illərdə çıxıb. Onun redaktoru İsmayıl bəy Qaspıralı (1851-1914) Qafqazda, xüsusilə Azərbaycanda baş verən hadisələri qəzetdə geniş işıqlandırırdı. XX əsrin 90-cı illərində Rusiyada türk xalqlarının dilində çıxan yeganə qəzet olduğuna görə Bakıda da geniş yayılıb, Azərbaycanın mədəni həyatına dair yazılar verib, publisistlərin çıxışlarına yer ayırıb. “Tərcüman” “Molla Nəsrəddin” jurnalının qadın azadlığına həsr olunmuş yazılarını dəstəkləyir, bəzən onun karikaturalarını öz səhifələrində təkrarən dərc edirdi. İsmayıl bəyin qızı Şəfiqə xanım Qaspıralı Baxçasarayda çıxan “Aləmi-nisvan” (Qadın dünyası) dərgisinin naşiri olub. Şərq qadınının azadlığı probleminin işıqlandırılmasında nəinki təkcə Rusiyada, həmçinin bütün türk dünyasında geniş şöhrət qəzanmış “Aləmi-nisvan” “Molla Nəsrəddin”lə eyni mövqedən çıxış edirdi”. 1912-ci ilin martın 6-da Bakıda “İqbal” qəzeti nəşrə başladı. “İqbal” qadın problemlərinin həlli yollarının axtarılmasında ziyalıların mövqeyini müdafiə edir, öz səhifələrində “Təsəttürü-nisvan” (qadının örtülülüyü) mövzusunda müzakirələr açırdı. 1913-cü ildə “İqbal” qəzeti ilə “Şəlalə” toplusu arasında qadın örtülülüyünə dair mübahisələr başlandı. “Şəlalə” məcmuəsi Xalid Xürrəm Səbribəyzadənin redaktorluğu, İsa bəy Aşurbəylinin naşirliyi ilə 1913-cü il yanvarın 19-dan 1914-cü il martın 1-dək nəşr olunub və bu müddətdə onun 56 sayı buraxılıb.
XX yüzilliyin əvvəllərində Quzey Azərbaycan mətbuatında qadın azadlığı məsələləri ətrafında gedən geniş ictimai müzakirələrdə iştirak edən mütərəqqi ictimai xadimlər, demokratik ruhlu yazarlar, jurnalistlər və başqaları haqlı olaraq belə hesab edirdilər ki, qadın azadlığının mühüm şərtlərindən biri onların mükəmməl təhsil almasıdır. Demokratik mövqelərdə dayanan bir sıra mətbuat orqanları mürtəce qüvvələrin törətdiyi maneələrə baxmayaraq bütün vasitələrdən istifadə etməklə maariflənməyin, təhsilin məziyyətlərini önə çəkərək bildirirdilər ki, Şərq qadını faktiki azadlığa nail olmaq üçün ilk növbədə təhsil almalı, elmə yiyələnməli və özü öz azadlığı uğrunda mübarizənin fəal iştirakçısı kimi çıxış etməlidir. Mətbuatda ailə-nikah problemləri ilə bağlı yazılar əsasən azyaşlı qızların ərə verilməsi, siğə, boşanma zamanı qadınların şəriət üzrə müəyyən edilmiş hüquqlarının rüşvətxor mollalar və təhrif olunmuş şəkildə dini görüşlər yayanlar tərəfindən pozulması, valideynlərin qızlar üçün başlıq pulu tələb etməsi, ərə verilən qızın rəyinin nəzərə alınmaması, qadınlar arasında dini xurafatın tənqidi və s. əhatə edirdi. XX yüzilliyin ilk illərində mətbuatda qadınların sosial problemləri ilə bağlı yazılara son dərəcə az yer verilməsi təbii idi. Çünki bu dövrdə də Şimali Azərbaycan cəmiyyətində qadınlar sosial cəhətdən son dərəcə hüquqsuz və passiv zümrələrdən biri olaraq qalmaqda idi. Ona görə də mətbuat əsas diqqəti hələ ki, maarif, təhsil yeni üsullu məktəblərin şəbəkəsinin genişləndirilməsi, qız və oğlanların bir yerdə təhsil alması məsələlərinə, və s. bu kimi problemlərə yönəldirdi. Digər bir tərəfdən qadınların əmək fəaliyyətinin dairəsi son dərəcə məhdud idi. Kənd təsərrüfatında əl əməyindən istifadə iş şəraitini daha da ağırlaşdırırdı. Bəzi yeyinti və yüngül sənaye müəssisələri, xüsusilə də H.Z.Tağıyevin toxuculuq fabriki açıldıqdan sonra bu müəssisə istisna olunmaqla, qadınların çalışa biləcəkləri sahələr yox dərəcəsində idi. Aşağı təbəqələrin arasında yoxsulluq və səfalətin hökm sürməsinə baxmayaraq, qadınlar əmək fəaliyyəti ilə məşğul ola bilmirdilər. Ona görə də zaman keçdikcə mətbuat ictimai şüurun diqqətini qadınların bu tipli sosial problemlərinə də yönəldirdi.

Təbriz Məhərrəmoğlu

Yenigundem.az