Şəki Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Mübariz Zərbəliyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Yeni Gundem”-in əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti isə qismən təmin olunub, Ucar Rayon Məhkəməsinin hökmü ləğv edilib. İş üzrə yeni ittiham hökmü çıxarılıb. Təqsirləndirilən şəxs 1 il müddətinə dövlət və yerli və özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəzaya məhkum olunub. Mübariz Zərbəliyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
İttihama görə, Mübariz Zərbəliyev “Azərişıq” ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ucar rayonu üzrə baş mühəndisi vəzifəsində işləyib.
Belə ki, 3 sentyabr 2021-ci il tarixdə, saat 17:30 radələrində küləkli hava şəraitində Ucar rayonu, Alpout kəndi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin yaxınlığından keçən, 10 kV-luq “Quşçuluq” elektrik hava xəttindən qidalanan 0,4 kV-luq hava xətlərinin bir-birinə toxunub. Həmin xətlərdən ayrılan qığılcımlar evin dam örtüyünün yanar materiallarının üstünə tökülərək alışıb. Nəticədə yanğın hadisəsi qeydə alınıb. Bu zamanı vətəndaşa 25420 manat və fərdi yaşayış evinin içərisində olan ümumilikdə 36274 manatlıq əşyalar yanaraq məhv olub.
Hadisədən sonra həmin hava elektrik xəttinə məsul şəxs olan Mübariz Zərbəliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Ucar rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Mübariz Zərbəliyevə cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs isə apellyasiya şikayəti vermişdi.
Qeyd edək ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdur.