Yanvar çağırışı müzakirə edilib – FOTOLARbackend

Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması prosesi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

“Yeni Gumdem” xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.

Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi vurğulanıb.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir.  Komissiyaya aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri daxildir.