YAP-a birləşən Milli Qurtuluş Partiyasının sədri: “Mövqeyimiz heç bir qarşılıq gözləmədən ortaya qoyulub”backend

Məlum olduğu kimi dünən Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib. Partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə daxil edilib.

Təklifini əsaslandıran başqan qeyd edib ki, Milli Qurtuluş Partiyası ideoloji dəyərlərlə silahlanan partiya olub və torpaqlarımızın düşmən tapdağından azad olunması, instusional və idarəetmə sistemində köklü islahatların aparılması istiqamətində ardıcıl fəaliyyət göstərib: “44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük tarixi uğura imza atdı. Prezidentin əzmkarlığı, iradəsi, şəhid və qazilərimizin canı-qanı bahasında biz bu qələbəni əldə etdik. Bu qələbə ilə dövlət kimi, bir daha bütün dünyada özümüzü təsdiq etdik. Üzərimizdə olan ləkəni sildik. Biz tarixi Zəfər qazandıq”.
MQP başqanı qeyd edib ki, müasir şəraitdə yenilənən Yeni Azərbaycan Partiyası ilə Milli Qurtuluş Partiyasının strateji məqsədləri eynidir və vacib hədəflər uğrunda dağınıq deyil, birgə fəaliyyət daha məqbuldur. Beləliklə, məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

Partiyanın sədri Vüqar Oruc mövzu ilə bağlı olaraq Busaat.az-ın suallarını cavablandırıb.

-Vüqar bəy, Milli Qurtuluş Partiyasının Yeni Azərbaycan Partiyası ilə birləşmə qərarına zərurət yaradan nə oldu?

-Bu proses uzun müddətdir ki, davam edirdi. Bizim ortaya qoyduğumuz mövqenin ölkə Prezidentinin açıqlamaları ilə üst-üstə düşdüyünü gördük, eyni ideologiyaya sahib olduğumuzu müşahidə etdik və təşkilat daxilində müzakirə edərək belə bir qərara gəldik ki, niyə YAP-ın tərkibində olaraq partiyaya dəstək verməyək? Partiyamız ideologiya sahibi bir partiyadır və bunu öncədən də bəyan etmişdik ki, bizim partiya olaraq hakimiyyətə gəlməkdən ziyadə, fikirlərimizin, düşüncələrimizin hakimiyyətə gəlməsini istəmişik. Bu gün də hakim partiyanın və hakim partiyanın lideri cənab Prezidentin fikirləri, bizim düşüncəmiz və dünya görüşümüz ilə eynilik təşkil edir. İslahatların aparılması, kadr islahatları və İkinci Qarabağ müharibəsində ortaya qoyulan fədəkar, milli, vətənpərvər mübarizə ürəyimizdən gələn, proqramımıza uyan bir mövqe idi və birmənalı şəkildə şahid olduq ki, hazırkı hakimiyyət elə bir mövqe ortaya qoyur ki, bu mövqe dəstəklənməlidir. Ona görə də qərara gəldik ki, ayrı-ayrı fəaliyyət göstərmək əvəzinə, Yeni Azərbaycan Partiyası nəzdində fəaliyyət göstərək və ölkə başçısına, onun apardığı islahatlara tam dəstək olaq.

-YAP-ın qurultayı öncəsi belə bir qərarın verilməsi müəyyən fikirlər ortaya qoyub. Məsələn, bu fikirlərdən biri də partiya səlahiyyətlərinin YAP-dan qarşılıq gözləməsi kimi qiymətləndirilib. Bu bardə nə deyə bilərsiz?

-Qərarımız tam səmimi, heç bir qarşılıq gözləmədən, xüsusi şərtlər iləri sürülmədən ortaya qoyulan mövqedir. Güman edirəm ki, bu qərarla qazanan Azərbaycan xalqı, Azərbaycan dövləti və milli qüvvələr olacaq və siyasi milli qüvvələrin koalisiyası üçün çox ciddi addım atılmış olacaq. Siyasi maraqlardan çıxış edən qüvvələr Vətən, millət, dövlət aspektindən çıxış edə bilirsə, bu sahədə konkret addımlar atılmaldır. Güman edirəm ki, biz bu xəttin pionerləri olsaq da, bu addım davam edəcək və digər partiyalardan da belə adımlar gələcək. Çünkü Azərbaycanda İkinci Qarabağ müharibəsi vaxtı də aydın oldu ki, bizə qarşı təhdidlər oldu və haqq mövqeyimizi sadəcə qardaş Türkiyə tam dəstəkləyərək arxamızda dayandı. Belə bir şəraitdə həm ölkə Prezidentinin, həm də ölkə əhalisinin dəstəyə ehtiyacı var. Biz də bu dəstəyin təmin edilməsində belə bir addım atdıq. Güman edirəm ki, addımımız ölkə ictimaiyyəti tərəfindən düzgün qiymətləndiriləcək və ölkəmizin siyasi tarixində xüsusi əhəmiyyətli bir qərar kimi öz yerini tutacaq.

-Artıq partiya YAP-a birləşdiyi üçün düşünürəm ki, sizə bu sualı verə bilərəm. Bu gün YAP-ın qurultayının keçirilməsi gözlənilir. Qurultaydan gözləntiləriniz nədir?

-Qurultayda biz də iştirak edəcəyik. Təbii ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyasının qurultayı ölkədə ciddi bir hadisədir. Bu qurultaydan xalqın gözləntisi də çoxdur, xüsusiylə ölkə başçısının elan etdiyi açıqlamalara uyğun qərarlar qəbul edilməsi ilə bağlı xalqın gözləntiləri var. Həmçinin, hədəflərin həyata keçrilməsində çox ciddi addımların atılacağına dair ümidlərim var.

image-yap-qurultay

-Qurultayda verilən qərarlar nəricəsində kadr dəyişikliklərinin olacağı istisna edilmir. Siz necə düşünürsüz?

-Biz YAP-a birləşmə qərarını dünən vermişik və bu gün qurultayda iştirak edəcəyik. Ona görə də, ən azından siyasi etika baxımından bu mövzuda fikir bildirməyim düzgün olmaz. Lakin istər ictimaiyyət, istər YAP nümayəndələri, istərsə də YAP-a qoşulan qüvvələr qurultayda partiyanın layihələrindən ziyadə cənab Prezidentin elan eddiyi hədəflərlə bağlı qərarların alınacağını düşünür. Bu qərarlar əsasən, korrupsiya ilə mübarizə, məmurların şəffaf fəaliyyəti, milli maraqlara, dövlətçlik prinsiplərinə fayda verəcək qərarlardır.