“Yaşa görə Həcc ziyarətinə qadağa qoymaq haramdır”backend

“Həcc ziyarəti, ziyarət adlansa da əslində ibadət sayılır. Çünki Həcc ziyarəti hər müsəlman üçün vacib zayılan ibadətlərdən biridir. Eyni zamanda ziyarət könüllü xarakterli olur, Həcc ibadəti isə hər müsəlmanın kefi istədiyi vaxt yox, boynuna vacib hökm düşdüyü zaman labüd olur. Təəssüflər olsun ki, ölkəmizdə bu istiqamətdə düzgün maarifləndirmə aparmaması səbəbindən əhali arasında geniş və sağlam fikir mövcud deyil”.

Bu fikirləri bizim.media-ya müsahibəsində ilahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan səsləndirib.

Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu il Həcc ziyarətinə 65 yaşa qədər vətəndaşların gedə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirən ilahiyyatçı yanaşmanın doğru olmadığını vurğulayıb:

“QMİ rəsmiləri insanları mütəmadi olaraq, normal şəkildə əhalini maarifləndirsəydilər, kimə Həccin vacib olduğu bilinərdi. Təəssüf ki, ölkəmizdə elə deyil. Kimin pulu çoxdursa və həvəsinə düşürsə, şan-şöhrət üçün “hacı” adı almağı istəyirsə, gedir Həcc ziyarətinə. Dində belə bir şey yoxdur. O Həccə gedənlərin əksəriyyəti heç kəlmeyi-şəhadətini düzgün deyə bilməyən adamlardır”.

Tural İrfan qeyd edib ki, yaşdan əvvəl ziyarətə getmək istəyənlərin digər ibadətlərini yerinə yetirmək bacarığında olduqlarını yoxlamaq lazımdır:

“Yaş məhdudiyyəti qoymaq isə birmənalı şəkildə qadağandır. Yəni İslamda həddi-buluğa çatmış, səhhəti yerində olan, azadlıqda olan, eləcə də qonşusu ac olmayan, kiməsə borcu olmayan hər müsəlmana Həcc vacib olur. Yoxsa əhatəsində kifayət qədər çörək tapmayan insanlar olduğu halda, o adamın Həcc ziyarətinə getməsi haram və batildir”.

İlahiyyatçı yaş məhdudiyyəti qərarının hansı səbəbdən verildiyinin qeyri-müəyyənliyindən də danışıb:

“Bəlkə də pandemiya ilə əlaqədar olaraq yaşlı insanların təhlükəsizliyini təmin etmək baxımından bu qərar verilib. Digər tərəfdən, bir çox hallarda yaşlı insanlar Həcc ziyarətində vacib olan ibadətlərini yerinə yetirə bilmədikləri üçün, tur rəhbərləri onlardan rüşvət alaraq, ziyarətçilərin yerinə Kəbə ətrafında təvaf edirlər. Dəstə rəhbərləri nə deyirlərsə, onlar da onu edirlər. Olsa bilsin ki, yaşlı insanların bələdçilərə yük olması səbəbindən, bunu istəməyiblər”.

Tural İrfanın sözlərinə görə, kiminsə Həcc ziyarətinin qarşısını almağın özü haramdır:

“Dində elə bir məhdudiyyət yoxdur ki, filan yaşa qədər kimsə Həcc ziyarətinə gedə bilər. Adam var ki, 70 yaşı var və sadalanan kriteriyalara cavab verdiyi üçün Həcc ziyarəti ona vacibdir. Onun qarşısını necə ala bilərsən? Bunun özü haramdır. Sanki həddi-buluğa çatmış insanı kimlərsə namaz qılmağa qoymur. İnsanları ibadətdən məhrum etmək Allaha qarşı çıxmaqdır. Bunun ikinci bir izahı yoxdur”.

//milli.az