Yasamalda dezinfeksiya işləri davamlı etdirilir – Fotolarbackend

Koronavirus infeksiyası ilə mübarizə sahəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın təlimatlarına uyğun olaraq, paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib.

“Yeni Gündəm” xəbər verir ki, gündəlik olaraq həyətlər, bina girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.

Bununla əlaqədar, verilən tapşırıqların icrasının təmin edilməsi, təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Yasamal rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən Yasamal rayon İcra Hakimiyyəti yanında Operativ Qərargah yaradılıb. Görülən tədbirlər çərçivəsində, rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Qərərgahda əhalidən daxil olan məlumatların operativ qəbul edilməsi üçün (012) 533-05-23 nömrəli “Qaynar xətt” yaradaraq Yasamal rayon İcra Hakimiyyətinin rəsmi saytında, “facebook” və “instaqram” səhifələrində yerləşdirib. Vətəndaşlar heç bir probelm olmadan həmin elektron vasitələr və telefon rabitəsi ilə əlaqə saxlaya bilirlər.

Operativ Qərargahın tapşırığına əsasən Yasamal rayonunda profilaktik dezinfeksiya işləri davamlı və intensiv xarakter alıb. Bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Yasamal rayonunun yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, tam orta məktəblərdə, məktəbəqədər, orta ixtisas, ali təhsil müəssisələrində, poliklinikalarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Həmçinin məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydançalarında dərmanlanma işləri aparılır. Rayondakı xırda və iri sənaye və ərzaq mağazalarında, habelə idarə və müəssisələrdə dezinfeksiya işləri dayanmadan həyata keçirilir.