Yasamaldakı torpaq mübahisəsi böyüyür – İcra başçısı da həll edə bilmirbackend

Bakıda illərdir tikinti şirkətlərinin fırıldaqları ayrı-ayrı cinayət işlərinin araşdırma mövzusudur. Qanunlar dəyişdirilib təkmilləşdirildikcə cinayətlər də ağlasığmaz xarakter alır.

Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində vətəndaş Natiq Ələsgərovun torpaq sahəsi ələ keçirilib. “Elçin” firmasının rəhbəri İbad Əliyev Mirzəağa Əliyev küçəsi 43 və 45 ünvanlarında çoxmərtəbəli bina inşa edib. Tikinti sahəsinin altına düşən torpaqda bir neçə vətəndaşın evləri və digər təyinatlı əmlakları olub. Tikinti aparılan dövrdə vətəndaşlara əmlaklarına görə kompensasiya ödəniləcəyi vəd olunub. Lakin illər ötüb, vətəndaşlar kompensasiyanı ala bilməyblər. İbad Əliyev kompensasiya əvəzinə vətəndaşlara vəd verib. İllərlə uzanan süründürməçilikdən bezən vətəndaşlar Yasamal rayon icra hakimiyyəti başçısı Elşad Həsənova müraciət ediblər. Onlara qarşı baş verən dələduzluğa son qoyulmasını və kompensasiya ödənilməsini istəyiblər. Bundan sonra İbad Əliyev Yasamal İcra Hakimiyyətinə dəvət olunub və vətəndaşların tələbləri diqqətinə çatdırılaraq təmin edilməsi şərti qarşısına qoyulub.

İcra Hakimiyyətində verdiyi vədi oradan uzaqlaşandan sonra İbad Əliyev “unudub”. İndi də deyir ki, “Memar-2″ MTK-ya aidiyyəti yoxdur, sadəcə ”Elçin” firması ilə “Memar-2″ MTK arasında M.A.Əliyev küçəsində bina inşa edilməsi, sakinlərin köçürülməsi və binanın tam təhvil verilməsi haqda müqavilə bağlanıb. Dediyinə görə, baxmayaraq ki, ”Elçin” firmasının təsisçisidir və direktorudur, firmanın əsl sahibi Azadxan Allahqulu oğlu Xanməmmədovdur. Şikayətçinin əlindəki sənədin saxta olduğunu iddia edir. Bununla yanaşı deyir ki, sənəd saxta da, doğru da olsa, vətəndaşla razılığa əvvəl-axır gələcəklər. Eyni zamanda, vətəndaşa kompensasiyanın Azadxan Xanməmmədov tərəfindən ödənməli olduğunu da bəyan edir.

İbad Əliyev bir tərəfdən bildirir ki, şikayətçinin çıxarışı saxtadır, sonra qəbul edir ki, Ələsgərova kompensasiya ödəniləcək, digər tərəfdən bildirir ki, “Memar-2″ MTK-ya aidiyyəti yoxdur. Lakın rəsmi məhkəmə sənədlərində bildirir ki, ”Memar-2″ MTK-nın təsisçisidir.

İbad Əliyevin Yasamalın icra başçısına yazdığı məktubda da məsuliyyəti üzərindən atmağa çalışır:

“Yazıb sizə bildiririk ki, ”Memar-2″ MTK ilə “Elçin” firması ilə arasında bağlanmış 2 may 2002-ci il tarixli kooperativ yaşayış binasının tikilməsi barədə podrat müqaviləsinə əsasən kooperativə ayrılmış sahədə sakinlərin köçürülməsi, ərazidə avtodayanacaqların tikilməsi, ümumi təyinatlı sahənin tamamlanması, hətta mənzillərin və qeyri-yaşayış sahələrinin satışı podratçıya həvalə edilməklə tərəfimizdən həyata keçirilib. “Elçin” firmasının təsisçi və direktoru olmağıma baxmayaraq, sözügedən ünvanda binanın tikintisinə, sakinlərin köçürülməsi, satışdan əldə edilən gəlir mənə məxsus olmayıb. Faktiki tikintinin sahibi və gəlir əldə edəni Azadxan Allahqulu oğlu Xanməmmədov olmuşdur.

Azadxan Xanməmmədova dəfələrlə etmiş olduğum müraciətlər nəticəsiz qalıb. Nəticədə şikayətçilər ilə aramızda narazılıq yaranmışdır. Həmçinin bildiririk ki, Azadxan Xanmammədov binanın qeyri-yaşayış sahəsini və həmin binada mənzili adına rəsmiləşdirdikdən binanın tamamlamamış, sakinlərin haqlı narazılıqllarına son qoyulması məqsədi ilə özüm məcburiyyət qarşısında qalıb borca girib 66 min 212 manat vəsait xərcləmişəm.

Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasında aparılan danışıqlar zamanı da müəyyən edilib ki, şikayətçilərin kompensasiyalarının ödənilməsi faktiki sahib və binanın tikintisi nəticəsində gəlir əldə elmiş olan Azadxan Xanməmmədov olub. Göstərilənlərə əsasən, sizdən xahiş edirik ki, yaranmış mübahisəyə son qoyulması məqsədi ilə Bakı şəhəri, M.A.Əliyev küçəsi 45 saylı ünvanda inşa edilmiş yaşayış binasının tikintisinin faktiki rəhbəri Azadxan Xanməmmədovun mənə və şikayətçiyə vurduğu ziyanın dəqiqləşdirilməsi, bizlərin hüquqlarının bərpa edilməsi məqsədi ilə hüquq-mühafizə orqanlarına müraciət edəsiniz”.

İbad Əliyevin başçıya göndərdiyi əlyazmalarda binanın tikintisi zamanı qeyri-rəsmi ödəmələrlə bağlı qeydlər əksini tapır. Həmin qeydlərlə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparması zərurəti ortadadır. //Musavat