“Yaxın günlərdə anamı öldürəcəklər” – Jurnalistdən şok iddiabackend

Səhiyyə Nazirliyinin qarşısında soyunaraq etiraz edən jurnalist Teymur Kərimovun nazirlik tərəfindən məhkəməyə verilməsi ilə bağlı məlumat vermişdik. Jurnalistlə bağlı Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə qaldırılan iddia üzrə bu gün məhkəmə baxışı olub.

“Yeni Gundem” xəbər verir ki, medianın buraxılmadığı məhkəmə iclasından sonra o, açıqlama verib. Bildirib ki, məkhəmə 1- ci gün saat 11 üçün təyin olunub. Onun sözlərinə görə vəkillər bir neçə vəsatət veriblər:

“Vəsatətin təmin olunub-olunmadığını hələ bilmirik. I gün saat 11-də bilinəcək. İddiaya görə, mən Azərbaycan səhiyyəsinə kölgə salmışam. Azərbaycan  səhiyyəsi yüksək vəziyyətdədir, guya mən yalandan demişəm ki, maddi-texniki  vasitələr çatmır. Halbuki faktların hamısı diskdədir, hakim icraata götürərsə, bu diskdə təqdim edəcəyəm.

Yəni rüşvət faktlarının olmadığını bildirirlər. Ümumiyyətlə, “Youtube”da, digər sosial şəbəkələrdə “Azərbaycan səhiyyəsində rüşvət” yazsanız qarşısınıza kifayət qədər videolar çıxacaq. Nədənsə Oqtay Şirəliyev və onun vəkili, Azərbaycan dövləti səhiyyənin hansı vəziyyətdə olduğunu görmür. Yəni bu qədər insanlar mənim çağırışımla gəliblər. Səhiyyənin pis günə qoyduğu insanlar var. Bu qədər canlar alınır, görmürlərmi?”

Jurnalist anasının dünən axşam saat 12-dən Reanimasiya şöbəsinə yerləşdirildiyini vurğulayıb:

“Bilmirəm gəlib Oqtay Şirəliyevlə dava aparım, yoxsa anamın bu vəziyyəti ilə mübarizə aparım. 14-15 gün keçib, görün bunlar nə qədər abırsızdırlar ki, dünən o boyda xəstəxanada hava balonuna taxılan şlanqı mənə aldırdılar. Onun da videosu var. 2,4 manata aldım, mahiyyətli bir şey olmasa da, amma demək bu xəstəxanada yoxdur.

Hələ bilmirəm anamın vəziyyəti necə olacaq, bu haqda məlumat verəcəm. Amma səhiyyədən əziyyət çəkənlərin hamısını 1 –ci gün Nəsimi rayon məhkəməsinin önünə dəvət edirəm. Ümid edirəm ki, Babək Pənahov bu iddianı əsassız sayaraq, icraata qəbul etməyəcək. Mən də anamın işləri ilə məşğul olacam.

Əvvəl də demişdim ki, Azərbaycan səhiyyəsinə güvənmirəm, indi də deyirəm. Bunun üçün digər ölkələrdə yaşayan Azərbaycanın qeyrətli övladlarına səslənirəm. Mənim iddia etdiyim bütün faktlara görə, səhiyyə məni məhkəməyə verirsə, güman ki, yaxın günlərdə anamı öldürəcəklər. Dəqiqliklə deyə bilərəm ki, anamı Azərbaycan səhiyyəsi öldürəcək və artıq öldürmək üzrədir. Çox xahiş edirəm anama müalicəsini xaricdə almasına köməklik göstərsinlər”.