Yaxın həftələrdə un, un məmulatları və çörəyin qiyməti 30-35 faiz civarında artacaqbackend

“Hər il Azərbaycana un və çörək istehsalı üçün xaricdən 1 milyon 150 min ton taxıl alınmasına ehtiyac var. Dünyada taxılın qiyməti son aylarda 30 faiz artıb, Rusiya öz taxılını ixrac etməyə məhdudiyyətlər qoyub. Azərbaycan isə buğda təlabatının 80 faizə yaxınını Rusiyadan tədarük edirdi. İndi Qazaxıstan və Hindistanla danışıqlar gedir, çox güman razılaşmalar olacaq. Ölkədə taxıl qıtlığı gözlənilmir, amma qiymət kəskin artacaq. Yaxın həftələrdə un, un məmulatları və çörəyin qiyməti 30-35 faiz civarında arta bilər”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə, real vəziyyətdən üç çıxış yolu var ki, onlardan biri orta-uzun, digər ikisi isə qısa və ya qısa-orta zamanda həll olunmalı məsələlərdir: “Orta-uzun zamanda, təbii ki, özümüz keyfiyyətli buğda istehsalını artırmalıyıq, çünki bu gün ölkədə istehsal olunan buğdanın cəmi 25 faizi keyfiyyətli un istehsalına və çörək bişirməyə yararlıdır. Təlabatın 75 faizi isə xaricdən alınan buğda ilə ödənilir. İnsan övladı 11 min ildir ki, qədim Mesopatamiyadan başlayaraq buğda əkib-becərməyə başlayıb, primitiv də olsa, seleksiya işləri aparıb, suvarmanı təkmilləşdirib. Amma Azərbaycan hələ də özünü keyfiyyətli buğda ilə təmin edə bilmir, çünki işə elmi yanaşma yoxdur, toxumçuluq zəifdir, suvarma və gübrə problemi var”.

N.Cəfərlinin sözlərinə görə, qısa zamanlı çıxış yolu un və çörək istehsalçılarına ciddi dövlət dəstəyinin, düşünülmüş dotasiya siyasətinin aparılmasıdır: “Bu sahənin vergilərdən azad edilməsi yaxşıdır, amma un-çörək istehsalçılarına dotasiyalar ayrılmalıdır. Qısa-orta zamanlı həll yolu daha fəlsəfi və qəlizdir, amma çox vacibdir. Qiymət artımının özü problem deyil, problem ölkə vətəndaşlarının gəlirlərinin az olmasıdır. Gəlirlər qiymətlərdən daha sürətlə artmalıdır ki, inflyasiya sosial problemə, kasıblığa səbəb olmasın. Bunun üçün isə hökumətin biznesə, özəl təşəbbüslərə münasibəti kökündən dəyişməlidir. Prezidentin özü çıxışlarında tez-tez “natəmiz iş adamları, işbazlar, möhtəkirlər” kimi sözlər işlədirsə, deməli ölkədə iş adamlarına, özəl təşəbbüslərə şübhəli və ögey münasibət var. Ölkədə özəl sektorda çalışanlara, kiçik-orta sahibkarlara hörmət məmurlardan daha yüksək olmasa, gəlirlərdə artım olmayacaq. Gəlirlər artmasa, qiymət artımına reaksiya daha kəskin olacaq, sosial gərginlik üçün zəmin artacaq”.