“Yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır” – Milli Məclisdə “Azərsu” tənqid edildibackend

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Gəncədəki su qıtlığı ilə bağlı Hesablama Palatası və Baş Prokurorluğa müraciət edib.

“Yeni Gündəm”-in xəbərinə görə, Musa Quliyev parlamentin bu gün keçirilən iclasında bildirib ki, yay fəslinin gəldiyi cəmi 10 gündür, amma Gəncədə artıq ağacların payızıdır:

“Susuzluqdan yanan ağacların yarpaqları tökülür, xəzəli küçələrdən yığışdırıb qurtarmaq olmur. Körpə fidanlarla yanaşı 100- 150 il yaşı olan Gəncə çinarları da quruyub məhv olur. Bir çox məhəllələrdə evlərə gündə cəmi 2 saat su verilir. Gəncənin qədim kəhrizlərini və arxlarını sıradan çıxartdılar ki, şəhərin su- kanalizasiya sistemi yenidən qurulur”.

Komitə sədri bildirib ki, 2011- ci ildə “Azərsu” ASC- nin başladığı layihənin indiyədək cəmi 42%-i icra olunub:

“200 milyon avrodan çox vəsait xərclənməsinə baxmayaraq nəticə yoxdur. Əslində nəticə var: bu qazıq-qazıq küçələr, gündə bir küçədən partlayıb dağılan keyfiyyətsiz qurulan kanalizasiya xətləri, su qıtlığı və əhalinin narazılığıdır. Ən acınacaqlı nəticə isə odur ki, həmin layihə vəsait çatışmazlığı səbəbindən bu ilin 1 yanvar tarixindən dayandırılıb. Bu cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir. Mən Hesablama Palatasına səslənirəm: araşdırın, bu layihənin maliyyə təminatının məqsədyönlülüyünü, mən Respublika Prokurorluğuna müraciət edirəm: yoxlayın bu layihə nə qədər səmərəli və keyfiyyətli icra olunub? Gəncədə yaşıllıqlar məhv olur, insanlar əziyyət çəkir.

Son 10 ildə Gəncənin ətrafındakı Cavad xan, Məhsəti, Şıxzamanlı, Natavan qəsəbələrində 6000-ə yaxın fərdi yaşayış evləri tikilib. Heç birinin də su-kanalizasiya təchizatı yoxdur. Təcili şəkildə bu problemlər öz həllini tapmalıdır. Hazırda Gəncənin su probleminin həlli üçün 30 yeni artezian quyusu qazılmasına ehtiyac olduğu halda bu il cəmi 1 artezian quyusu qazılması nəzərdə tutulur. Mən hökumətə müraciət edirəm: cənab baş nazir, Gəncənin su qıtlığı problemini nəzarətinizə götürün və qısa müddətdə həlli üçün müvafiq qurumlara tapşırıq verin”.