Yazıçı Anar Vəzirovdan nə xahiş edib? – Özü danışdıbackend

17 noyabr Milli Dirçəliş Günü ilə bağlı xeyli ziddiyyətli iddialar, ittihamlar və faktlar var. Hətta bəziləri bu prosesi Mərkəzi Komitənin başlatdığını deyirlər. Tarixçi Ədalət Tahirzadənin kitablarında bu haqda məlumatlar var. Köşə yazarı Zamin Hacı “Yeni Müsavat”ın ötən sayında bu haqda yazıb. O, Ə.Tahirzadənin kitabından sitat gətirib: “…Heç kəsdə şübhə qalmadı ki, ruslar Dağlıq Qarabağ hadisələrindən elə ilk gündən xəbərdar olduqları kimi, nəinki bu haqda susmuş, Qarabağı onlara verməyə boyun olmuş, hətta bu işin təşkilində iştirak etmişlər. Beləliklə, özünü təhqir olunmuş sayan xalq yenə qəzəb səsini ucaltmağı qərara aldı və mayın 16-da başlıca olaraq tələbələrdən ibarət kütlə etiraz mitinqinə toplaşdı (onlara ziyalılar və müəyyən qədər şəhər əhalisi qoşulmuşdu)… Mən tələbələrə qoşulub Hökumət evinə tərəf yol aldım. Bu dəfə camaatı şəhərin içi ilə yox, İçərişəhərdən keçirdilər. Karvansaranın qapısı ağzına çatanda başımı qaldırıb gördüm ki, Mərkəzi Komitənin ideoloji katibi Ramiz Mehdiyevlə yanaşı addımlayıram, onun arxasınca isə Baksovetin sədri Oktay Zeynalov, müavini və başqaları gəlirlər. Tez onlardan aralandım”.

“O vaxt Meydan hərəkatının idarəçiləri DTX-nın və MK-nin göstərişi ilə yazıçı-şairlər idi. Anar, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu və digərləri gedib Vəzirovdan öz şəxsi xahişlərini edirdilər”.

Zamin Hacı köşəsinin sonunda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin Ədürrəhman Vəzirovdan 1988-ci ildə ev xahişi etməsini də yazıb. Köşədən sitat: “Sonda ”Meydan” kitabından bir qeydi də verim, yazı bitsin: “Sentyabr, 1989. Ali Sovetin iclası. Vəzirov deyir: Anar yanıma gəldi, şəxsi məsələsini xahiş elədi. Hökumət evinin arxasındakı yeni binada özünə mənzil istəyirdi, verdim”.

Yazıçı Anar “Yeni Müsavat”a açıqlamasında ittihamlara sərt reaksiya verdi: “Bu, tamamilə absurd fikirlərdir. Bəli, Vəzirovdan xahişim olub, o da Nemətlə, Əbülfəzlə və Hatəmi ilə bağlı idi. Onları həbs etmişdilər. Azadlığa buraxılmalarını xahiş etmişəm. Heç bir ev məsələsi olmayıb. Mətbuat bütünlüklə əleyhimə işləməklə məşğuldur. Barəmdə eləcə axtarışdadırlar ki, nəsə tapıb yazsınlar. Bununla qanımı qaraltmağa çalışırlar. Bu nə qədər davam edəcək? Bir daha deyirəm ki, xahişim evlə bağlı olmayıb. Şəhriyarın yasından gələndə onları tutmuşdular. Tam dəqiq olsun deyə faktı olduğu kimi deyirəm. Gedib zəng etdim, ondan sonra məni qəbul etdi. Xahişimi çatdırdım, orada mənə bir söz demədi. Amma bir müddətdən sonra həmin şəxslər azad edildilər. Sonradan durub iclasda dedi ki, Anar məndən xahiş etmişdi. Ədaləti mən tanıyıram, belə şeylər yazıbsa, sadəcə, təəssüf edirəm”.

Meydan hərəkatının təşkilatçılarından olan Ənvər Əliyev ən ağır ittihamlara məruz qalanlardandır. Onun KQB agenti olması barədə hər ilin bu günlərində ciddi ittihamlar bəzi şəxslər tərəfindən irəli sürülür. Bu il də belədir. O, həmin ittihamlara çox sərt reaksiya verdi: “Bu ittihamların qətiyyən heç bir qorxusu yoxdur. Daha çox ittihamlar mənə qarşı yönəlib. O vaxt şəxsən mənim dəstəmin təsiri ilə Kamran Bağırovu deputatlıqdan geri çağırmışam. Ən böyük güc o zaman mən idim. SSRİ-dən o zaman çıxmaq istəyirdik. Hüquqlarımızın olmadığını dilə gətirirdik, hüquqlarımızın təmin olunmasını tələb edirdik. Bunlar yerinə yetirilmirdi. Azərbaycan tarixində ilk dəfə olaraq bizlər 4-5 dəfə Mərkəzi Komitəyə hücum etdik. Böyük dəstə idik. Bizi ittiham edənlər daha çox təşkil etdiyimiz həmin mitinqlərin, proseslərin xeyrini görənlərdir. Bunların hamısı tarixin külqabına atılan adamlardır. Özləri içəridə üzümə durdular ki, bunların hamısını sən etmisən. İstintaq materiallarında bunlar var. Pulun yeri də, onu deyənlər də məlumdur. Fevral ayında müxalif qüvvələr Mərkəzi Komitədə olmuşdular. Nemət Pənahlı bunu istintaqda deyib ki, bizə tapşırıq verildi ki, mitinq necə təşkil olunsun, biz onu necə dağıdacağıq. Hamısını da polisin gücü ilə etdilər. Yeganə adam olmuşam ki, ”getməyin, dayanın” deyə çağırış edirdim. Mən heç zaman on minlərlə insanı arxamca gətirib, sonradan qaçıb gizlənməzdim. Məsuliyyəti öz üzərimə götürmüşəm. Orada çox adam dindirilib. İstintaq mükəmməl şəkildə “KQB” tərəfindən aparılıb. Onların sübutu da o idi ki, sən etmisən, cəzanı da mən aldım. Mən bilirəm ki, pullar kimdədir, bu, kitabımda da var. Mənim nə bir qəpik pul da, nə də hökumətlə əlaqədə adım var. Başıma oyun açıldı, üzümə duranlar oldu. Bakıdan yüz mindən çox erməninin buranı tərk etməsinin əsas səbəbkarı mən olmuşam və məhz bunun üçün də cəzalandırılmışam. Məndən başqa cəza alan varmı? Biri çıxıb desin. Nemət başda olmaqla, meydanda oturub-durub siqaret çəkiblər, günlərini keçiriblər. Şəxsən mən parlamentin qabağında döyüləndə huşumu itirdim. Saatlarla küçələrdə qalan bir adama heç bir insanlığa sığmayan ittihamlar səsləndirirlər. Onların ata-babaları 30-cı illərdə eynən bunların bu gün məşğul olduqları işlərlə məşğul olublar. Hamı boş-boş deyir ki, mən hərəkatdan, meydandan gəlmişəm. Həyatda heç vaxt saxta işlərlə məşğul olmamışam. İndi hərəkatın lideri kimi özlərini təqdim edənlərin hamısı o vaxt dedilər ki, bunları Ənvər edib. Yaralandığım üçün geri çəkilmişəm. Yoxsa onların heç biri meydan sulaya bilməzdi. Yazıçı, şairlərin böyük əksəriyyəti istintaqda Mərkəzi Komitəyə çağırıldıqlarını etiraf etdilər. Bu fakt doğrudur. Düzdür, onların  müəyyən xidmətləri olub. Amma rolu olan birini ləkələmək, sadəcə, şərəfsizlikdir”.