Yeni Ramananın əhalisi suyun içərisində qalıb – FOTOLARbackend

Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin ətrafında, Yeni Ramana adlanan ərazidə məskunlaşan sakinlər aylardır ki, qrunt sularından əziyyət çəkirlər.

Sakinlər Musavat.com-a bildiriblər ki, evləri, küçələri suyun içərisində qalıb.

Onların sözlərinə görə, ötən ay aksiya keçirib, yolu bağlasalar da, problemlərini həll edən olmayıb: “Aksiya keçirdik ki, müvafiq qurumlar küçədəki biabırçı vəziyyətin aradan qaldırılmasına kömək etsinlər. Sabunçu Rayon İcra Hakimiyyətinə, “Azərsu”ya müraciət etdik. Ancaq heç bir faydası olması. Hazırda küçələrdə yığılan su iylənib. Pis qoxudan pəncərəni aça bilmirik. Küçədə yığılmış suyun içərisi çömçəquyruqla doludur. Bu çömçəquyruqlar bir müddət sonra qurbağa olacaqlar. Belə çıxır ki, havalar isinəndə ərazi bataqlıqdan fərqlənməyəcək. Onsuz da hazırda pis qoxunun əlindən nəfəs ala, suyun ucbatından yeriyə bilmirik. Uşaqlarımız məktəbə gedənə qədər suyun içərisində olurlar. Məcbur qalıb özümüzlə əlavə ayaqqabı götürürük ki, şəhərə gedəndə ayağımız təmiz olsun”.

Sakinlərin əsas tələbi budur ki, kanalizasiya sistemi çəkilənə qədər heç olmasa ərazidə drenaj sistemi yaradılsın. Sakinlərin sözlərinə görə, hər il qış aylarında yollara su yığılması səbəbindən, hərəkət edə bilmirlər. Bildiriblər ki, həyətlərinin də su ilə dolması evlərini yararsız hala salıb, aşınmaya məruz qoyub. Sakinlər söyləyiblər ki, ərazidə olan evlərin çoxu qəzalı vəziyyətdədir.

Qəsəbə sakini Rasim Bayramov aşağıdakıları bildirdi: “İcra hakimiyyətinə müraciət etmişdik ki, heç olmasa küçəyə çınqıl, torpaq töksünlər ki, hərəkət edə bilək. Qış girəndən məsələni qabardırıq. Bu barədə mətbuatda da yazılar dərc olunub, özümüz də müvafiq qurumlara məlumat vermişik. Ancaq gördük ki, bizə heç kim yardım etmək fikrində deyil. Ona görə də qonşularla yığışıb, özümüz küçəyə torpaq tökmək qərarına gəldik. Bu gün küçənin su basan yerlərinə torpaq yaymışıq. Ancaq bütün məhəlləni düzəltməyə də bizim vəsaitimiz yetməz. Buna görə də ərazidə yaşayan sakinlər hazırda imzatoplama  aksiyası keçirirlər. İmzalar toplanandan sonra bizə yardım edilməsi üçün cənab prezidentə müraciət edəcəyik. Ümidimiz yalnız ona qalıb. Çünki əksər məmurlar öz vəzifələrinin öhdəsindən gəlmək fikrində deyillər. İcra hakimiyyətindən bizə söz veriblər ki, vəziyyətin düzəlməsinə yardım edəcəklər. Ancaq heç bir yardımdan söhbət getmir. Bura əməlli başlı xəstəlik mənbəyidir. Hələ yay gəlməyib, ancaq ərazini həşərat basıb. Deyəndə ki, buranın kanalizasiya sistemi yoxdur. Bizə cavab verirlər ki, ərazidəki evlərin hamısı özbaşına, qanunsuz olaraq tikilib. Necə qanunsuz tikilidir ki, bundan icra hakimiyyətinin xəbəri var? Tikintiyə icazə verilirsə, kanalizasiya sistemini də çəkməyi düşünmək lazımdır”.