Yeniyetmələrə yalnız “Pfizer” peyvəndinin vurulmasının səbəbi açıqlandıbackend

Son günlər ölkəmizdə koronavirusa yoluxma sayında azalmalar müşahidə edilir. Son statistikaya görə, Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 2 557 yeni yoluxma faktı qeydə alınıb, 3 592 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Musavat.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5 959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, bu günə qədər isə ümumilikdə 4 593 820 test aparılıb.

Artıq xəstələnənlərin sayı əsasında konkret yoluxma dinamikasından danışmaq mümkündürmü? Ölkədə əsas hansı növ peyvənd vurulur? Bunun kollektiv immunitet yaranmasına təsiri varmı? Yəni tutaq ki, əksəriyyət “SinoVac” vurdursa, ölkədə “kollektiv immunitet” daha tez yaranar, yoxsa “Pfizer” vurdursa?

Bu arada Azərbaycanda yeniyetmə uşaqların (16-18 yaş) da peyvəndləməyə cəlb edilməsi məqbul bilinib. Bu, yalnız valideynlərin razılığı əsasında aparılacaq. Qarşıdan yeni  tədris ili gəlir, yeniyetmələr arasında vaksinasiyanın aparılması kütləvi yoluxmaların qarşısını alacaqmı? İnsanlar arasında bir sual da verilir ki, nəyə görə yeniyetmələrə yalnız “Pfizer” vaksini vurulacaq, digər peyvəndlər zərərlidirmi?

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariya van Kerxove deyib ki, dünya koronavirus infeksiyasına yoluxma baxımından yeni səviyyəyə çatıb, ancaq ölkələrdə vəziyyət fərqlidir: “Yoluxma kifayət qədər yüksəkdir. Hər həftə təxminən 4,4-4,5 milyon virusa yoluxma faktı qeydə alınır ki, bu da dünyada baş verən yoluxmaların, sadəcə, rəsmi sayıdır. Dünyada hər həftə koronavirusdan 67-68 min ölüm faktı qeydə alınır”. ÜST rəsmisi Amerika qitəsində də yoluxma və ölüm sayının artdığını qeyd edib.

Mövzu ilə bağlı bu və digər suallara tanınmış ekspertlər cavab verib.

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib ki, hazırda ölkəmizdə “Delta” ştammı yayılır və epidemik alovlanma dövründəyik: “Amma son günlərin statistikasına baxanda görürük ki, nisbətən gündəlik yoluxmalarda azalmalar müşahidə edilməkdədir. Ola bilsin ki, artıq  yoluxmalar azalmağa doğru davam edə bilər.

Amma bu rəqəmləri biz hələ tam dəqiq ifadə edə bilmirik.  Sadəcə,  güman edirik. Digər bir tərəfdən də ölkədə peyvəndlənmə aparılır. Hazırda ölkəmizdə  dörd növ peyvənd – ”Pfizer”, “AstraZeneca”, “Sputnik B” və “CoronaVac” tətbiq edilir.  Bu peyvəndlərin də yoluxma  sayının azalması istiqamətində öz müsbət təsirləri var. Əlbəttə ki, peyvəndlərin tətbiq edilməsi kollektiv immunitetin yaranmasında böyük rol oynayır. Biz həmişə dediyimiz kimi, “kollektiv immunitet”in yaranması üçün zaman, vaxt lazımdır. “Kollektiv immunitet”in  yaranması üçün  vaksinasiya ilə yanaşı, xəstəliyi keçirib sağalanlar da rol oynayır. Yəni həm xəstəlik keçirənlər, həm də vaksinasiya olunanlar  birbaşa “kollektiv immunitet”in yaranmasında  əsas rol oynayırlar. Amma yenə bunun üçün müəyyən zaman lazımdır ki, əhalinin böyük hissəsi- 70-80 faizi vaksinasiyadan keçsin”.

V.Cavadzadə qeyd edib ki, vaksinlərin hamısı immunitetin yaranmasında böyük rol oynayır: “Yəni biz bu vaksinləri ayıra bilmərik ki, bunun  kollektiv immunitetin yaranmasında rolu var, digərinin rolu yoxdur. Vaksinin əsas məqsədi süni immunitet  yaratmaqdır  və bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatın qeydiyyatından keçib. ”Kollektiv immunitet”in yaranması üçün bu önəmli rol oynayır”.

İnfeksionist  16 yaşlı gənclərin vaksin olunması ilə bağlı suala da cavab verib: “Bu gün ölkəmizdə artıq 16 yaşdan yuxarı olanların vaksinasiya prosesinə cəlb olunması haqqında göstəriş var. Hesab edirəm ki, bu yaşda olan şəxslərin  vaksin olunması üçün heç bir əks göstəriş yoxdur. Əksinə olaraq on altı yaşdan yuxarı olan uşaqların əgər xroniki xəstəliyi varsa, həmin uşaqlar mütləq vaksinasiya olunmalıdır. Indi burada o xroniki xəstəliklərdən söhbət gedir ki, o xəstəliklərdə vaksinasiya əks göstəriş deyil.  Vaksinasiya olunması 16 yaşından yuxarı uşaqların xeyrinədir ki, sabah yoluxan zaman xəstəliyi yüngül keçirəcək və bədbəxt hadisələr olmayacaq”.

Mövzu ilə bağlı TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva da “Yeni Müsavat”a danışıb: “Artıq son günlər ölkədə yeni yoluxma sayında bir qədər stabillik, hətta deyərdim ki, azalma müşahidə olunur. Bunu müsbət dinamika kimi də dəyərləndirmək olar. Ümid edirik ki, bu müsbət tendensiya getdikcə davam edəcək və yoluxma sayları qısa zaman ərzində azalmağa doğru gedəcək. Hazırda ölkədə daha çox üstünlük verilən peyvənd növü Çin istehsalı olan, inaktiv texnologiya ilə hazırlanmış ”CoronaVac” peyvəndidir. Bununla belə,  “kollektiv immunitet”in formalaşmasında, eləcə də fərdi şəkildə insanları xəstəlikdən qorumaq, yoluxma zəncirinə təsir etmək üçün peyvənd seçiminin ciddi bir əhəmiyyəti yoxdur. Ölkədə olan istənilən növ peyvənddən istifadə etsək, həm fərdi şəkildə xəstəliyi ağır keçirtməkdən qorunmuş olarıq, həm də “kollektiv immunitet”in yaranmasına təsir etmiş olarıq”.

N.Mustafayeva əlavə edib ki, hazırda ölkədə istifadə olunan peyvəndlərin hər biri kifayət qədər təhlükəsiz və effektiv hesab olunur: “Yeniyetmələrin peyvəndlənməsinə gəldikdə isə onu deyə bilərəm ki, burada bir neçə məqam öz əksini tapıb. İlk öncə təbii ki, 16 yaşdan yuxarı gənclərin də xəstəlikdən qorunması, immunitet qazanması bu qərarın verilməsində əsas rol oynayır. Bəzi gənclərimiz var ki, xarici universitetlərə, təhsil ocaqlarına qəbul olunublar. Lakin onlar təhsil üçün ölkədən kənara çıxmaq istədikdə bəzi problemlərlə üzləşirdilər. Çünki bir sıra ölkələr peyvənd tələbi qoyublar. O baxımdan, vaksinasiya ilə bağlı verilən bu qərarı gənclərin gələcəkdə hər hansı çətinliklə üzləşməməsi üçün atılan ən doğru addımdır”.

N.Mustafayeva məktəblər açılandan sonra diqqət yetirilməsi vacib olan bəzi məqamlara da toxunub: “Məktəblərin və universitetlərin açılması ilə əlaqədar olaraq valideynlərə tövsiyəmiz odur ki, uşaqlara daim gigiyenik qaydalara əməl etməyi öyrətsinlər. İstər dərs vaxtı, istər fasilələrdə, istərsə də evə qayıdanda əllərin tez-tez sabunla yuyulması, gigiyenik vərdişlərin aşılanması kimi hallara diqqət etsinlər.

Ailə üzvlərindən peyvənd yaşı çatan şəxslərin qorunması üçün vaksin olunması tövsiyə olunur. Xüsusilə də evdə yaşlı nənə-baba varsa, xroniki xəstəliyi olan şəxslər varsa, ən çox onlardan narahat oluruq. Gənclərin peyvəndlənməsi həm onların özlərinin qorunması, həm də ətrafda yaxınlarının qorunması üçündür. Çünki bilirik ki, məktəb yaşlı uşaqlar xəstəliyi yüngül keçirsələr belə, daşıyıcı ola bilərlər. Xəstəliyə yoluxduğu təqdirdə evdə valideynlərini, digər ailə üzvlərini, nənə-babanı yoluxdura bilərlər”.

İnfeksionist, “Nəyə görə 16 yaşdan yuxarı şəxslərə yalnız ”Pfizer” vaksininin vurulması tövsiyə olunub” sualına da cavab verib: “Bu onunla bağlıdır ki, bu qərar beynəlxalq elmi araşdırmalara və klinik tədqiqatların nəticələrinə əsasən verilib. O səbəbdən yalnız ”Pfizer” vaksininə icazə verilir. Əgər digər istifadədə olan vaksinlərin də kliniki nəticələri bu yaş qrupu üzərində təhlükəsizliyi və effektivliyi göstərilərsə, gələcəkdə onların da istifadəsinə icazə verilə bilər”.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 70 768 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38841 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 307 149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 391 664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 915 485 təşkil edir.