Nahardan sonra şəhəri bir az gəzmək istədim. Addımlarımı bir-birinin ritminə uyğunlaşdıraraq bir neçə küçə keçdim.
Havanın soyuqluğu məni qarşıma çıxan ilk ticarət mərkəzinin qapısından içəri itələdi. Bir saata yaxın da mağazaları hərləndim. Nəhayət, evə getməyə qərar verdim. Taksi sifariş eləmək istədim. Ticarət mərkəzinin səs-küyündə telefonla danışa bilməyəcəyimi anladım və küçəyə çıxdım. Telefonla taksi sifariş etdim və səkidə var-gəl edərək gözləməyə başladım. Üzbəüz səkidə dayanan yaşlı qadın nəzərimi cəlb etdi. Ağ saçları yun şalının altından ay haləsi kimi görünürdü. Əlində sellofan torbalarda ərzaqlar vardı. Yəqin ki, yaxınlıqdakı ərzaq mağazasından gəlirdi. Qarayla ağın bir-birini qovurmuş kimi burulduğu naxışlar qadının jaketinə, jaket də sahibinə yaraşırdı. Ayaqlarındakı yüngül dəri ayaqqabının rəngi bozarmışdı, hiss olunurdu ki, ağbirçək qadın onu neçə illərdi geyinir. Bir vaxtlar hardansa oxumuşdum ki, geyimlərin içərisində insana ən çox yoldaşlıq edən ayaqqabılardır…
Qadın səkidə dayanıb o yan-bu yana keçən avtomobillərə baxır, jaketinin qoluyla eynəyini silir, təmkinlə piyada zolağının boşalacağını gözləyirdi. Nəhayət, avtomobillər səngidi, qadın ağ zolaqların üstüylə üzü mənə tərəf gəlməyə başladı. Qət edəcəyi məsafənin yarısına çatmamışdı ki, qəfil dayandı. Başını yana əydi, səntirlədi və yerə yıxıldı. Eynəyi qırıldı, jaketinin ağ zolaqları yolun tozundan bozardı, yaylığı başından sürüşdü, sellofan torbalar cırıldı, aldığı ərzaqlar dağıldı… Üzü mənə tərəf bir-iki alma da diyirləndi.
Əvvəlcə elə bil yerimdə donmuşdum. Qadının yıxılmağı mənə olduqca pis təsir etmişdi. Amma sonra özümə gəlib yerimdən tərpəndim və sürətlə qadına tərəf getməyə başladım. Məndən qabaq çatan iki ortayaşlı kişi qadının qolundan tutub ayağa qaldırdılar. Biri onu qapısını açıq qoyduğu avtomobilinə tərəf apararkən, o birisi yerdəki ərzaqları toplayırdı. Yaxınlaşıb çantamdan çıxardığım kağız torbanı uzatdım. Kişi təşəkkür edib ərzaqları torbaya yığdı və avtomobilə tərəf getdi. Sürücü oturacağında əyləşən dostuna: “Xəstəxanaya sür!”-dedi və arxa qapını açıb qadının yanında əyləşdi. Yalnız avtomobil yanımdan şütüyüb keçəndən sonra dodaqlarımın kilidi açıldı. Dərindən nəfəs alıb geriyə-ticarət mərkəzinin qarşısına döndüm. Səki daşlarının dibində üç alma boynunu bururdu…
Taksi hələ gecikirdi… Başqa vaxt olsaydı, şirkətə yenidən zəng vurar, iradımı bildirərdim, amma indi o halda deyildim…
-Nətəər yıxıldı ə? Hi-hi-hi…
-Sən öl, eynəyi pis yerdə qırıldı e. Təsəvvür elə, eynəyin şüşəsi gözlərinə batır. Uy da!! Nə gözəl “ujas” filmi olardı! Hı-hı-hı…
Qulaqlarıma iannmaq istəmirdim. Yenə də səs gələn tərəfə baxdım. Bir dəstə gənc ticarət mərkəzinin divarının dibinə toplaşmışdı. Qızların sinələrinə sıxdığı iri dəftərlərdən tələbə olduqları anlaşılırdı. Oğlanlarsa dil-boğaza qoymadan nənələri yaşda olan qadının yıxılmağından danışırdılar. Amma elə danışırdılar ki, elə bil dünyanın ən bayağı filminə baxmışdılar. Onların dediyi hər sözə qızlar şaqqanaq çəkib gülürdülər. Hiss edirdim ki, qəzəbim qəhərə çevrilir, boğazımda düyünlənir. Bizim ailə dediyimiz dəyər bumuydu? “Qocalara hörmət edin”- deyə bizə öyrədilən mədəniyyət hara yoxa çıxmışdı? Axı, Azərbaycan qızının gülüşü də nazlı və xanımyana olmalıydı. Bəs bu qızlar? Bunlar niyə yaşlı qadının yıxılmağını lağa qoyub gülən oğlanlara qoşulmuşdular? Çox yox, otuz ildən sonra onlar da həmin yaşa çatmayacaqdılarmı?
-Ayaqqabısına baxdınızmı, Allah bilir, kimin köhnəsidi, geyinmişdi…Ha-ha-ha…-qızlardan birinin səsiydi.
-Yəqin gəlininindi də… Bəyənməyib atıb, arvad da zibil yeşiyindən götürüb geyinib…Hi-Hi…-başqa bir qız da ona cavab verirdi.
Oğlanlar da hırıldayırdı. Bu hırıldamaqla onlar “Azərbaycan ailəsi” ağacının kökünə balta çalmırdılarmı? Bəs, azərbaycanlı humanizmi? Heç olmasa, bu humanizmdən bircə damcı da olsa onların qanında, ruhunda yox idimi?
-Xanım, taksi sifarişi vermişdiniz?
Taksi sürücüsünün səsi məni fikirlərdən ayırdı. Qəhər məni boğurdu, danışa bilmirdim. Başımla “hə” edib arxa oturacağa əyləşdim. Güclə udqunub qəhərimi udmağa çalışdım və evimizin ünvanını dedim.
Evə çatıb özümü qapıdan içəri atınca hönkürdüm… Hə, hönkürdüm… Heç kimə heç nə deməmişdim… Heç o yaşlı qadına da… Onu ayağa qaldırıb xəstəxanaya aparan kişilərə də… Heç o mərhəmətdən məhrum gənclərə də… Amma, özüm bilirdim nəyə ağlayırdım… Mən bu dünyada qəddarlığın mərhəmətə qalib gəldiyinin şahidi olmuşdum… Bəlkə də, çoxları bu qələbəni bayram edərdi. Axı, indi rast gəldiyimiz hər on adamdan doqquzu yaxşılıq etməyi, bircə damcı gülümsəməyi eyib sayır. Mərhəmət təbiətin insana bəxş etdiyi ən gözəl yaraşıqdı və indi çoxlarının bu yaraşığı yoxdur deyə dünyamız çirkinliklə dolub-daşır…
Ağbirçək bir qadının qəfil başının hərlənib yıxılması, eynəyinin qırılması bu günün gənclərinə gülməli gəlirsə, mən sabahımıza ağlamayıb neynəyim bəs?!
Leyla Namazova.