Yerüstü və yeraltı keçidlərə şəhidlərimizin adı verilsin – GƏNCDƏN TƏKLİFbackend

44 günlük Böyük vətən müharibəsi xalqımızın qüdrətini, dövlətimizin gücünü bütün dünyaya bəyan etdi. Azərbaycan dünyaya 21-ci əsrin müharibəsini nümayiş etdirdi. Ölkəmiz həm diplomatik savaşda, həm də döyüş meydanında qələbə qazandı.

Şübhəsiz ki, qələbəni şəhidlərə borcluyuq. Dövlət qürurumuz olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif işlər görməkdədir. Dövlətlə yanaşı müxtəlif ictimai təşkilatlar da bu istiqamətdə fəaliyyətlərini nümayiş etdirir. Yeni yaradılmış “YAŞAT” Fondunun fəaliyyəti və müharibə başlar başlamaz insanların həmrəy olaraq orduya, şəhid ailələrinə, qazilərə və əsgər ailələrinə dəstəyi də bu ümumilli məsələyə qayğının bariz nümanəsi idi. Ölkə başçısının sərəncamı ilə yeni orden və medalların təsis edilməsi Böyük vətən müharibəsi iştirakçılarına diqqət və qayğını təcəssüm edirdi.
Təklif edirəm ki, bu istiqamətdə görülən işlərə “Keçidlərin şəhidlərin xatirəsinə adlandırılması” da əlavə edilsin. Analoji təcrübə Türkiyədə mövcuddur. Ölkəmizdə yerüstü və yeraltı keçidlər adsızdır. Bundan yararlanmaq çox yaxşı olar. Təsəvvür edin, keçiddən keçdikdə şəhidin adına olduğunu görürsüz. Bu ideyanın mənəvi tərəfi həm də ondan ibarətdir ki, keçidlər məğlubiyyətdən QƏLƏBƏYƏ KEÇİD edən qəhrəmanlarımızın adını daşıyacaq.

Ceyhun Məmmədzadə

İtimai fəal gənc, veb developer