Yoğun bağırsaq xərçəngi, yaranma səbəbi və müalicə üsulları – MÜTƏXƏSSİS RƏYİbackend

“Yogun bağırsaq xərçəngi həzm sisteminin ən son bölümü olan yoğun bağırsağın (kolon) xərçəngidir. Daha çox adenomatoz polip adı verilmiş kiçik,kanseroz olmayan (xoş xassəli) hüceyrə toplusu kimi başlayır.Bu hüceyrələrdən bəziləri zamanla yoğun bağırsaq xərçənginə çevrilə bilər”.

Bu fikirləri sözügedən xəstəlik barədə Medianews.az-a danışan tibb üzrə fəlsəfə doktoru, Salyan Rayon Mərkəzi xəstəxanasının baş həkimi Ramin Qasımov bildirib. O qeyd edir ki,
poliplər ölçücə kiçik və az hallarda şikayətlə özünü biruzə verə bilər:

“Bu səbəbdən həkimlər xərçəngə çevrilmədən polipləri aşkarlayıb yoğun bağırsaq xərçəngini önləmək məqsədi ilə műayinə testlərini davamlı şəkildə etdirməyi məsləhət görürlər.

Bağırsaq xərçənginin əlamətləri:
● ishal,ya qəbzlik və ya nəcisin konsistensiyasının dəyişikliyi olaraq 4 həftədən artıq davam etməsi.
● rektal qanama və ya nəcisdə qan.
● sancı,qaz və ya ağrı
● bağırsağın tam boşalmaması hissi.
● zəiflik və ya halsızlıq.
● səbəbsiz çəki itkisi.
Yoğun bağırsağın xərçəngindən əziyyət çəkən xəstələrdə xəstəliyin ilk dövrlərində heç bir əlamət hiss etməz. Xəstəlik ilərlədikcə xərçəngin lokalizasiyası və böyüklüyündən asılı olaraq şikayətlər ortaya çıxır. Bu səbəbdən nəcisdə qan və ya bağırsaqla bağlı hansısa dəyişiklikləri müşahidə edirsinizsə,mütləq həkimə müraciət etmək lazımdır. Bundan başqa nəsildə yoğun bağırsaq xərçənginə tutulan xəstə olduğu halda 40 yaşdan sonra,anamnezdə xərçəng xəstəliyi olmayan şəxslərin isə 50 yaşdan sonra mütəmadi olaraq xərçəng műayinə testlərini etdirməsi məsləhət görülür”.

Həkim Ramin Qasımov bağırsaq xərçənginin yaranma səbəbləri haqqında da danışıb:

“Hal-hazırda tam olaraq xərçəngin yaranma səbəbləri elmə məlum deyil. Əsas səbəblərdən biri kimi genetik uyğunluq hesab olunur.Geni dəyişikliyə uğramış hüceyrə artıb çoxalaraq normal hüceyrələri də zədələyir.Bundan başqa metastaz verərək orqanizmin digər hissələrinə də yayıla bilər.

Bağırsaq xərçənginin risk faktorları:
Nəsildə müəyyən olunmuş gen mutasiyaları xərçəng xəstəliyinin yaranma riskini artırır. Ən çox rast gəlinən sindromlar aşağıdakılardır:
● ailəvi kolorektal xərçəng ( HNPCC).Lynch sindromu olaraq da bilinən bu sindrom yoğun bağırsaq və digər xərçəng riskini artırır.Nəsildə bu sindromlu xəstəlik olan şəxslər 50 yaşından daha əvvəl xərçəng riski daşıyırlar.
● ailəvi adenomatoz polipozis (FAP). Yoğun bağırsağın və rektumun iç səthinin minlərlə polipin əmələ gəlməsinə səbəb olduğu bir xəstəlikdir.Müalicə edilmədikdə şəxsin 40 yaşdan daha tez xərçəngə tutulması riski yüksəlir”

Həkim həmçinin qidalanmanın da xərçəng xəstəliyinin yaranmasına təsiri olduğunu bildirib:

“Qida rasionunu az yağlı və daha çox lifli qidalar təşkil edən şəxslərdə yoğun bağırsaq xərçənginə tutulma riski artır. Əsasını təşkil edən mexanizm tam olaraq aydınlaşmasa da tədqiqatlar davam edir.

40-50 yaşdan sonra mütəmadi olaraq xərçəng műayinə testlərini etdirmək məsləhət görülür. Bundan başqa həyat tərzi də böyük rol oynayır.Qida rasionuna bol meyvə,tərəvəz,göyərti və taxıl məhsullarını daxil etmək məsləhətdir. Alkoqol və siqaretdən istifadə etmək məsləhət görülmür. Gün ərzində ən az 30 dəqiqə olmaqla həftədə bir neçə gün idman hərəkətləri etmək məsləhətdir.

 

40-50 yaşdan sonra mütəmadi olaraq Kolonoskopiya müayinəsi olunmaq və müayinə əsnasında polipə rast gəlinərsə,onu xərçəngə çəvrilmədən xaric etmək mümkündür.Bundan başqa bağırsaq daxilində müayinə zamanı hansısa dəyişikliyə uğramış zona aşkar olunarsa,oradan biopsiya (tikə) götürülərək mikroskopik müayinəyə göndərilir.
Qanda CEA (karsinoembrionik antigen) təyini analizi də tarama testlərinə daxildir.
Qarın,ağciyər və döş qəfəsinin kompyuter tomoqrafiyası da müəyyən dərəcədə informativdir.

I ETAP – xərçəng yoğun bağırsaq və ya rektumun hüceyrələri (mukoza) boyunca artaraq inkişaf edir. Ancaq proses yoğun bağırsağın divarı və ya rektumdan kənara yayılmamışdır.
II ETAP – xərçəng yoğun bağırsaq və ya rektumun divarına keçərək yayılmışdır. Ancaq proses ətraf limfa düyünlərinə keçməyib.
III ETAP – xərçəng ətraf limfa düyünlərinə yayılıb,ancaq bütün orqanizmə metastaz verməyib.
IV ETAP – xərçəng qaraciyər,ağciyər kimi orqanlar da daxil olmaqla uzaq metastazlar vermişdir”.

Bağırsaq xərçənginin müalicəsi barədə danışan həkim Ramin Qasımov qeyd edir ki, bu xəstəliyin müalicəsi xərçəngin inkişaf mərhələsinə,xəstənin yaşı və orqanizmin ümumi vəziyyətinə əsasən təyin olunur:

”Müalicənin 3 əsas növü vardır: cərrahi,kimyaterapiya və radioterapiya.
Minimal invaziv cərrahiyyə-
Xəstəliyin erkən mərhələsində müalicə cərrahi əməliyyatdır. Belə ki kolonoskopiya zamanı görülmüş kiçik ölçülü polip kolonoskop vasitəsilə kəsilib çıxarılır.
Endoskopik mukozal rezeksiya böyük ölçülü poliplərin kəsilib çıxarılmasıdır.
Kolonoskopiya zamanı çıxarıla bilməyən böyük ölçülü poliplər laparoskopik əməliyyat yolu ilə kəsilib çıxarılır. Bu əməliyyat gedişi əsnasında cərrah ətraf limfa düyünlərindən də biopsiya götürə bilər.
İnvaziv cərrahiyyə-
Əgər proses daha böyük məsafəni əhatə edirsə,parsiyal kolektomiya-xəstə toxumanın sağlam toxumanın bir qismi ilə birlikdə kəsilib çıxarılması əməliyyatı laparoskopik üsulla icra oluna bilər.
İlərləmiş etaplarda cərrahi əməliyyatın məqsədi xərçəngi sağaltmaq yox,xəstənin yaşamını yüngülləşdirməkdən ibarətdir.

Kimyaterapiya.
Xərçəng hüceyrələrini məhv edən dərman preparatları istifadə olunur. Yoğun bağırsaq xərçəngi zamanı adətən əməliyyatdan sonra proses limfa düyünlərinə yayıldığı zaman kimyaterapiya istifadə olunur. Bəzən isə əməliyyatdan əvvəl xərçəngin ölçüsünü kiçiltmək üçün istifadə olunur.

Radioterapiya.
Əməliyyatdan əvvəl şişin ölçüsünü kiçiltmək üçün və ya bağırsaq və rektum xərçəngində şikayətləri azaltmaq məqsədi ilə X şüalarına bənzər güclü enerji qaynaqlarından istifadə olunur”.

Yuxarıda deyilənləri nəzərə alaraq özünümualicə ilə məşğul olmadan həkiminizin műayinəsində və nəzarətində olmağı unutmayın. Sağlam olun!