Yol polisi radara düşdü, cəriməsi vətəndaşa yazıldı – FOTObackend

Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.

“Yeni Gündəm” xəbər verir ki, sosial şəbəkələrdə məlumat paylaşan sürücü F.Ağalarova son vaxtlarda Bəhramtəpə yolundan istifadə etməsə də, ona cərimə yazıldığını və DYP avtomobilinin qaydaları pozmasını əks etdirən fotoların həmin protokola əlavə edildiyini bildirib. Belə ki, Hacıqabul-Horadiz yolunun İmişli rayonundan keçən hissəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə, 06:54-də radara düşüb. Bununla bağlı cərimə protokolu 99 MP 978 dövlət nömrə nişanlı avtomobilə yazılıb: “O saatda mən evdə yatırdım, ömrümdə də belə avtomobilim olmayıb. Sarı jilet isə əsla geyinməmişəm”.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, baş vermiş nöqsan artıq aradan qaldırılıb: “Bildiyimiz kimi, həmin qayda pozuntularını elektron qaydada fəaliyyət göstərən qurğular müəyyən edirlər. Artıq sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və vətəndaşla bağlı elektron sistemdə təyin edilmiş cərimə cəzası müvafiq qaydada silinib”.