Yük maşınlarından vergi tutulması ilə bağlı – AÇIQLAMAbackend

Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən daxil olan məlumatda qeyd edilir ki, Azərbaycan Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı.

Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.