Zahid Oruc: “Bütün ərazilər minalıdır” qorxusunu beyinlərə yeritmək yolverilməzdir”backend

“Bütün ərazilər minalıdır” qorxusunu beyinlərə yeritmək, Böyük Qayıdışa zərbə vurmaq və düşüncələrə mina əkmək yolverilməzdir”.

Bunu Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında Sosial Tədqiqatlar Mərkəzinin və parlamentin İnsan hüquqları komitəsinin sədri Zahir Oruc deyib.

O bildirib ki, Britaniyanın humanitar təşkilatı “Halo Trust” 2000-ci ildən bu yana Qarabağda mina əleyhinə fəaliyyət aparıb:

“Dövlətimiz həmin ərazilərdə kənar dövlətlərə və kampaniyalara qarşı çıxdığı halda son 20 ildə minaların təmizlənməsinə xeyirxah missiya kimi etiraz etməyib. Nəticədə “Halo Trust” 2000-dən artıq tank, 9000–dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4,8 milyon kvadratmetr ərazini təhlükəsiz vəziyyətə gətirib. 100-dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 rayonumuzu əhatə edib. Lakin iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri onminlərlə erməninin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə suçlandırıb. Sən demə, həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək Qələbəyə nail olublar. Təsəvvür edirsinizmi, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibədəki məğlubiyyətə və “hamı günahkardır” ittihamına qurban vermək, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdırlar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər”.

O bildirib ki, Ermənistanda təkcə sözügedən qurumu deyil, eləcə də UNİCEF-in yerli rəhbəri Marian Hattinqi də ölkəmizlə gizli işbirliyində günahlandırıblar:

“Casus qalmaqalına müharibə vaxtı Britaniyanın Mİ-6 təşkilatını, Almaniya parlament üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın Təhlükəsizlik qüvvələrini, ordu generalları və zabitlərini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər. Son 3 ildə məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır. Əlbəttə, 44 günlük savaş dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib. Lakin əgər, “Halo Trust” mina xəritələrini ordumuza vermiş olsaydı, son 3 ildə 57 nəfər insanımız həyatını itirməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi.

Ona görə də biz Zəngilandan Ağdərəyədək böyük bir coğrafiyanı öz qurğuları, səbir və dözümləri ilə minalardan xilas edən Britaniya təşkilatına təşəkkür edirik və əgər mina xəritələri onlarda varsa, o ərazilərin əsil sahibləri kimi dövlətimizə təhvil verməyə çağırırıq. Xatırladaq ki, sülhyaradıcı kontingent də rəsmi olaraq 26.000-dən artıq minanı təmizlədiyini elan edir. Üst-üstə hesabladıqda ərazilərimizin gözləniləndən daha tez təhlükəsiz vəziyyətə gələcəyinə inanırıq. Ona görə də “bütün ərazilər minalıdır” qorxusunu beyinlərə yeritmək, Böyük Qayıdışa zərbə vurmaq və düşüncələrə mina əkmək yolverilməzdir. Qarabağı özü boyda minaya çevirmək dövrü bitib. Biz yeraltı mina dağından yerüstü Mina dağı ucaltmağı bacaracağıq!”/Report