Zakir Həsənov: “Bu, münasibətlərimizin gələcək inkişafına xidmət edəcək”backend

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası işə başlayıb.

“Yeni Gundem” xəbər verir ki, iclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edirlər.

Əvvəlcə iclas iştirakçıları xatirə şəkli çəkdiriblər.

İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirirlər.

Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və II Dünya müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri müzakirə olunur. Eyni zamanda, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilir. İclasda MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq. Bundan başqa, iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də diqqət mərkəzində olacaq.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclası açaraq qonaqları salamlayıb:

“Sizi qonaqpərvər Azərbaycan torpağında salamlamağıma şadam. Azərbaycanda dostluq və xalqlarımızın ümumi irsi yüksək dəyərləndirilir. İlk növbədə, Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Müdafiə Nazirləri Şurasının 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərara görə təşəkkürümü bildirmək istərdim”.

Z.Həsənov deyib ki, bu iclasın Bakıda keçirilməsi bizim üçün böyük şərəfdir.

“Ümid edirəm ki, bugünkü iclas çox səmərəli, dolğun keçəcək və münasibətlərimizin gələcək inkişafına xidmət edəcək. Biz ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək, habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. Fürsətdən istifadə edərək, bu iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyindən olan həmkarlarımıza minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, hamınız Azərbaycanda olmağınızdan məmnun qalacaq və Bakı ilə daha yaxşı tanış olmaq və bu gün ölkəmizdə baş verən müsbət dəyişiklikləri yaxından müşahidə etmək imkanını əldə edəcəksiniz. Hər kəsə ölkələriniz naminə qarşınızda duran məsuliyyətli və mühüm məsələlərin həllində uğurlar və səmərəli iş arzu edirəm”, – deyə nazir bildirib.