Zəfər günü – milli qürur tariximizdir – Aynur Musayevabackend

30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli qürur tarixidir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlı əks-hücum əməliyyatına başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun qəhrəmanlığı ilə işğalçı Ermənistan ordusu darmadağın edilərək torpaqlarımız əsarətdən qurtuldu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz, Xocavənd rayonunun Hadrut qəsəbələri və bir çox yaşayış məntəqələri, Tərtərin Suqovuşan, Xocalı və Laçının bir neçə kəndi daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış sahəsi, o cümlədən Ağdərə, Murovdağ istiqamətlərində mühüm strateji yüksəkliklər düşməndən təmizləndi. Noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin gedişinə həlledici təsir göstərərək Zəfər günü kimi tarixə yazıldı. 

Bu sözləri “Yeni Gundem” açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

Prezident İham Əliyevin xalqa müraciətində bildirdiyi kimi Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”.

“44 günlük Zəfər yürüşü Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələndi. 10 noyabr tarixli Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bununla da düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan tam qələbə çaldı.”

Aynur Musayeva açıqlamasında qəhrəman şəhidlərimizə borclu olduğumuzu vurğuladı:

“ ikinci ildir ki, 8 noyabr – Zəfər Gününü ərazi bütövlüyü bərpa edilmiş, güclü və müstəqil Azərbaycan olaraq qeyd edirik. Vətən müharibəsində əldə etdiyimiz Qələbə təkcə işğal altında qalan torpaqlarımızın azad edilməsinin yox, həm də millət olaraq dirçəlişimizin, özünə qayıdışın simvoludur. 8 noyabr –  Zəfər günü tariximizin ən parlaq səhifəsi, milli qurur, iftixar mənbəyimizdir. Şəhidlərimizin, Qazilərimizin qanı ilə yazılan bu müqəddəs tarix xalqımızın qəhrəmanlıq salnaməsidir. İgidlərimiz Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə canlarını fəda edib, müqəddəs Şəhidlik zirvəsinə ucaldılar. Qürurumuz, vüqarımız, fəxrimiz olan Şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq.  44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, döyüş ruhunu təkcə düşmənə deyil, bütün dünyaya göstərdi. İndi bütün dünya Azərbaycanı qalib dövlət kimi tanıyır, qəbul edir, bizimlə hesablaşır. Hərb meydanında müzəffər sərkərdə olan Prezident İlham Əliyev diplomatik cəbhədə böyük strateq, milli maraqlarımızın ən etibarlı müdafiəçisidir.”

O həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan  bərpa quruculuq işlərindəndə danışıb:

“Bu gün işğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs verilir. Azərbaycanın iqtisadi gücü və maliyyə imkanları hesabına Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa-quruculuq işləri aparılır, nəhəng infrastruktur layihələri reallaşdırılır. İşğaldan azad edilmiş ərazilərimizdə çoxsaylı avtomobil yolları, dəmir yolları çəkilir, işıq, su, qaz xətləri bərpa olunur. Qısa vaxt ərzində Füzuli və Zəngilanda beynəlxalq hava limanları tikilib istifadəyə verilib. Böyük Qayıdışa Zəngilanın Ağalı kəndindən başlanılmaqla azad edilmiş torpaqlarımızda məskunlaşmağa start verilib. 30 ilə yaxın məcburi köçkün olan Ağalı sakinləri artıq geri qayıdıb, müasir şəraitli evlərdə yaşayırlar. Gənclərimiz “ağıllı kənd”də çalışır, uşaqlarımız ən yeni texnologiyalarla təchiz edilmiş məktəbdə təhsil alırlar. Tezliklə Qarabağ və Şərqi Zəngəzurun hər yerində yaşayış təmin edilərək, sakinlərin qayıdışı həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərimiz qısa vaxtda cənnətə çeviriləcək!

Allah Şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun! Bu günü onlara borcluyuq!”