Zəfərə gedən tarixi yol: uzaqgörən siyasətin dəmir iradəsibackend

Bundan 104 il öncə, 1918-ci ilin 28 mayında müsəlman şərqində ilk demokratik cümhuriyyətin əsası qoyuldu. Azərbaycan xalqı uzun illərin əsarətindən qurtularaq azadlığına, müstəqilliyinə qovuşdu. Onu da qeyd etmək lazımdır ki, bir dövlətin əsas sütunlarından birini də ordu quruculuğu təşkil edir. Təsadüfi deyildir ki, cümhuriyyət fədailərimiz hələ bir əsr bundan əvvəl bunu çox gözəl dərk edirdilər. Ona görə də cümhuriyyətin Tiflisdə elan edilməsindən sonra ordu quruculuğuna başlanıldı. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. Uzun müddətdən sonra ordu quruculuğu sahəsində hərbi ənənə bərpa olundu.

Azərbaycanın istiqlaliyyətinin elan olunduğu tarixi şərait, onun qərar tutduğu bölgədə cərəyan edən proseslər xalqın müstəqilliyinə real dayaq ola biləcək ordunun formalaşdırılmasını tələb edirdi. Cümhuriyyətin elanından cəmi 28 gün sonra, 26 iyunda Azərbaycanda milli ordu hissələrinin yaradılması ilə bağlı qərar qəbul olundu.

23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti ordusu bir sıra uğurlara imza atdı. Qafqaz İslam Ordusu ilə birgə Bakını daşnak qüvvələrinin işğalından azad etdi. Qarabağda və Zəngəzurda erməni silahlı terrorçu dəstələrini zərərsizləşdirdi. Əsgəran istiqamətində uğurlara imza atdı. 1920-ci ilin aprelində işğalçı rus ordusuna qarşı son damla qanına qədər mübarizə apardı.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bütün çabalara baxmayaraq süqut etdi. Buna baxmayaraq, dövlətçilik və milli ordu ənənələrinin bərpası baxımından böyük irs qoydu.

1991-ci ilin 18 oktyabrinda Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etməyi bacardı. Elə ilk gündən nizami ordu hissələri yaradılaraq Qarabağa göndərildi.

Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Bu böyük dövlət xadiminin muxtar respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi.

Hələ Sovet hökumətinin ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyuldu. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə burada ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlandı. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrların hazırlanmasına yönəldilmiş təşəbbüs böyük hünər tələb edirdi. Heç kim kommunist ideologiyasının hakim olduğu bir məmləkətdə bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Bu təşəbbüs yalnız xalqının gələcəyini düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyətlər tərəfindən edilə bilərdi.

Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən ulu öndər Heydər Əliyevi düşündürən əsas məqsəd və amallardan biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi məsələsi olmuşdu. Bildiyimiz kimi, bütün fəaliyyəti dövründə Heydər Əliyev öz taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşmış və onların xidmətinə yüksək dəyər verib. Zamanın nəbzini tutan Ulu Öndər artıq hiss edirdi ki, azərbaycanlı gəncləri ali hərbi məktəblərə hazırlamaq məqsədilə respublikada hərbi təyinatlı orta internat məktəbini yaratmağın zamanı çatıb. Belə bir məktəbin yaradılması Azərbaycanın gələcəyi üçün çox mühüm hadisə olacaqdı. Burada azərbaycanlı gənclər həm rus dilini mükəmməl öyrənə, həm də ibtidai hərbi biliklərə yiyələnə və asanlıqla istədikləri ali hərbi məktəblərə daxil ola bilərdilər.

Məhz müstəqilliyimizin ilk illərində, eləcə də ordu quruculuğunun sonrakı dövrlərində ulu öndərin memarı olduğu Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirmələrinin böyük töhvələr verdiyini cənab prezidentimiz İlham Əliyev də dəfələrlə və böyük fəxarətlə xatırladıb.
Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.

1993-cü ilin 15 iyununda xalqın təkidi və tələbi ilə Azərbaycanın böyük oğlu, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Sürətli ordu quruculuğuna start verildi. Cəmi dörd-beş ay ərzində ordu hissələri komplektləşdirildi.

Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını isə Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il müraciəti qoydu. Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra edilmiş bu müraciət bir tərəfdən sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi.

Horadiz istiqamətində düşmən darmadağın edildi, 1 qəsəbə və 22 kənd düşmən tapdağından azad olundu. Bundan sonra ulu öndər böyük uzaqgörənliklə Ermənistanla atəşkəsə nail oldu. Müasir, nizami ordu quruculuğuna başlanıldı. Ordunun silah və sursatla təminatı yaxşılaşdırıldı. 22 may 1998-ci ildə ümummilli liderin sərəncamı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi. Bu, ulu öndər tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin, o cümlədən, ordu quruculuğu sahəsində 23 ay yaşayan cümhuriyyətimizin irsinin bərpa edilməsi idi.
Cənab prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi ilə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoydu. Orduya ən müasir silahlar alındı. Dövlət büdcəsinin əsas xərcləri orduya yönəldildi. Ordumuzun büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər səviyyəyə çatdırıldı. Türkiyədən, İsraildən, Pakistandan, Rusiya və Ukraynadan, Belarusdan və digər dost, tərəfdaş ölkələrdən ən müasir silahlar alındı.

Ordumuzun arsenalı gücləndirildi.

Bunun nəticəsi idi ki, 2016-cı ilin aprel döyüşləri zamanı cəmi 4 gün ərzində düşmənin keçilməz adlandırdığı səddi Azərbaycan Ordusu cəmi 20-25 dəqiqəyə yardı. 2 min hektar ərazi, o cümlədən strateji əhəmiyyətli yüksəkliklər azad olundu. Lələtəpəyə Azərbaycan bayrağı sancıldı.
2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu 44 gün ərzində bütün dünyaya səs salacaq Zəfər salnaməsinə imza atdı.
8 noyabr isə Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.

Dəmir yumruq əməliyyatı ilə Qarabağ savaşı 30 ildən sonra Azərbaycanın tam qələbəsi, işğalçı Ermənistanın kapitulyasiyası ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərini xüsusi təyinatlı qüvvələrimiz keçilməz yolları və dərələri keçərək, yüngül silahlarla azad etdilər. Ordumuzun 44 günlük savaşda tətbiq etdiyi strateji həmlələr, əməliyyat planları bu gün də dünyanın aparıcı hərbi mərkəzləri tərəfindən araşdırılır, dərsliklərə salınır. Bu gün müzəffər Azərbaycan Ordusu böyük sərkərdə, dəmir iradəli Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində dünyanın ən güclü 50 ordusu sırasındadır.

Artıq iki ildir ki, biz 26 İyun Silahlı Qüvvələr Gününü böyük sevinclə və qürurla qeyd edirik. Çünki şəhid və qazilərimizin rəşadəti sayəsində biz düşməni diz çökdürdük. Onu darmadağın etdik. Biz saysız-hesabsız hərbi zəfərlərimizlə fəxr edirik. Hərb tariximizi dərindən öyrənərək onu gələcək nəsillərə ötürməyi özümüzə borc bilirik. Bu gün Azərbaycan Ordusu cənab Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində özünün ən güclü dövrünü yaşayır. Hətta 1918-ci ildəki Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kvadrat kilometrlik sərhədlərini, Qərbi Zəngəzuru, İrəvanı da bərpa etməyə qadirdir.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan verib. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb.

Bu ilin 26-29 may tarixlərində paytaxtımızda ilk dəfə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə Bakıda TEKNOFEST festivalı keçirildi.

Festivalın ölkəmizdə keçirilməsinin əsas məqsədi Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin azərbaycanlı gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Bu festivalın ölkəmizdə keçirilməsinin əsas əhəmiyyəti ondan ibarətdir ki, gənclərimizin, elm adamlarımızın diqqətini bu sahəyə yönəltmək, eyni zamanda onları dördüncü nəsil hərbi texnoloji yeniliklərə öz kəşfləri, ixtiraları ilə təşviq etməkdir. Bu da Azərbaycan Ordusunun gücünə güc qatacaq yeni nəsil pilotsuz uçuş aparatları, silahsız zərbə vasitələri, yeni nəsil hərbi təyinatlı dronların modernizasiya edilməsi, eləcə də milli hərbi sənayemizin inkişaf etdirilməsi istiqamətində yeni yol xəritəsidir. Hətta TEKNOFEST sərgisində azərbaycanlı tələbələrin bir sıra nominasiyalar üzrə qrup şəkilində qalib olmaları onu deməyə əsas verir ki, Azərbaycanın gənc elm adamları yaxın gələcəkdə yeni nəsil hərb sənayesində ardıcıl və böyük nailiyyətlərə imza atacaqlar.

Eyni zamanda, Bakıda TEKNOFEST beynəlxalq festivalının keçirilməsi Azərbaycan və Türkiyənin qardaşlığını növbəti dəfə təsdiq edir.
Şübhəsiz ki, TEKNOFEST kimi dünya miqyaslı bir sərginin ölkəmizdə keçirilməsi Ali Baş Komandanımız cənab İlham Əliyevin yürütdüyü düşünülmüş, uzaqgörən siyasətin məntiqi və parlaq nəticəsidir.

Dilarə Cəbrayılova

295 №-li tam orta məktəbin direktoru