Zelenski yüksək vəzifəli şəxsləri topladıbackend

Prezident Vladimir Zelenski Ukrayna Hava Yollarına məxsus təyyarənin İranda qəzaya düşməsi ilə əlaqədar bu gün gecə saatlarında işgüzar toplantıya başlayıb.

“Yeni Gündem” xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.

İclasda Baş Nazir Aleksey Qonçaruk, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov, Müdafiə naziri Andrey Zaqorodnyuk, Xarici İşlər naziri Vadim Pristayko və digər qurumların nümayəndələri iştirak edir.

Bildirilir ki, Zelenski təyyarə qəzası ətrafındakı mövcud vəziyyətə dair əməliyyat qərargahından bir məruzə dinləyəcək.

Bu məqamda qeyd edək ki, qəzanın baş verdiyi gün Zelenski Omanda səfərdə olub. O, hadisə barədə məlumat alar-almaz ölkəsinə qayıdıb.

Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus “Boeing-737” tipli təyyarə yanvarın 8-i səhər saatlarında Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb.

Göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub. Sağ qalan olmayıb.