“ZƏNGİ ” liseyi və… YARADILMASI  SƏBƏBLƏRİbackend

1988- ci il Qarabağın ilk qurbanları kimi Qərbi Azərbaycanların taleyində ən acınacaqlı, unudulmayan, o yerlərə qayıdanadək sağalmayan , həmişə qanı sızan yara kimi qalacaq, bizləri göynədəcək.

1988- ci il yarası bir çoxumuzun yolunu dəyişdi.

O cümlədən ” ZƏNGİ” liseyinin yaradıcısı, qurucusu və dünyadan köçənədək direktoru olmuş ağsaqqalım, müəllimim, ləyaqət simvolu, insanlıq nümunəsi kimi qəbul olunan , ” əməkdar müəllim”, “Şöhrət” ordenli rəhmətlik qardaşım Bayram Heydərovun da yolunu dəyişmiş oldu.
Novosibirsk məktəbi keçmək, aspiranturanı SSRİ- nin ikinci ən böyük və sanballı Sibir bölgəsində bitirmək, dünya şöhrətli akademik Lavrentyevin tələbəsi olmaq Bayram müəllimin gələcəkdə alim kimi yerindən xəbər verirdi və hamımız onunla fəxr edirdik. Gözləyirdik ki, Bayram müəllim böyük alim olacaq, fəxrimiz olacaq….
Biz saydığımizı saymaqdaydıq. Ermənilər isə arxalarında dayanan Qorbaçovla, Raisa Maksimovna ilə daş – qaş sayır, Qarabağı satırdılar…

…İlk qurban Qərbi Azərbaycanlılar oldu. Və hələki bu qurbanların taleyində dəyişiklik yoxdur…

1988- ci ildə Bakıya qayıdan Bayram Heydərov ara- sıra Novosibirsk şəhərinə ezamiyyə məqsədilə gedib gəlsə də əsasən Bakıda olur, tez- tez müdafiə nazirliyinə gedir, rəhbərliklə görüşür, işlədiyi yerdə SSRİ müdafiə sənayesi nazirliyinin indiyədək Az.MEA Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda sifarişləri əsasında gördüyü işləri müzakirə edir, Leninqrad Politexnik İnstitutunda iki illik, Novosibirskdə iki illik elmi ezamiyyətdə olduğu və aspiranturada oxuduğu illərdə məşğul olduğu sahənin hərbi sahə ilə bağlı olduğu sahələr üzrə iş qurmaq , ağır zamanda fayda vermək üçün danışiqlar aparır və çalışırdı.
Dostları ilə birgə hazırladığı hərbi təyinatlı mərkəzin müdafiə nazirliyində fəaliyyət göstərməsi üçün xeyli müddət danışıqlar apardı. Təəssüflər olsun ki, təklif olunan layihədə ikinci əsas yükü çəkəcək elmə yaxın olan peşəkar hərbçilər olmadığından , mərkəzin fəaliyyəti üçün maliyyə problemi olduğundan bu ideya baş tutmur. Bayram müəllim və dostları bir neçə dəfə Baş qərərgah rəisi Nurəddin Sadıxovla başqa rəhbərlərlə görüşüb dəfələrlə müzakirələr aparmışdılar.

1991-ci ildə Az.MEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində Qərbi Azərbaycanımızın ən böyük çayı olan “Zəngi” çayının adını yaşatmaq məqsədilə ” Zəngi” dövlət kiçik müəssisəsi yaratmağa nail oldu. Bu kiçik dövlət müəssisəsinin fəaliyyətində əsas istiqamət ölkədaxili, eləcə də xaricdə müxtəlif müəssisələrlə onların sifarişi əsasında müqavilələr imzalayıb işlər görmək idisə, digər əsas istiqamət isə təhsilin inkişafına töhfə vermək idi. İlkin olaraq orta məktəblərlə məhz yuxarıda qeyd etdiyim hərbi sahədə nəzərdə tutduqları sahə üzrə gələcəyin kadr hazırlığını hədəfləyirdilər.
Məktəblərdə bu işlərin həyata keçirilməsində problemlər yaranır. Məktəblər müvafiq hüquqi bazanın olmamasını əsas gətirir, bəzi məktəblər isə verdikləri yerin arendasını şəxsi maraqlarına uyğun elə müəyyən edirlər ki, … bir sözlə işləməyin mümkün olmadığını aydın görürlər.
Nəhayət , dörd profil üzrə ” Zəngi” adlı liseyin yaradılmasına qərar verirlər. Bu ideyanın əsas müəllifi Bayram müəllim olsa da, ona kömək edən sədaqətli dostları, elm adamları, təhsil nümayəndələri dəsdək olur, köməklərini əsirgəmirdilər.

Dörd – radioelektronika, biokimya, kibernetika və genetika profilləri üzrə liseyin yaradılması üçün böyük ürək sahibi, rəhmətlik Fəraməz Maqsudova müraciət edirlər. Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasında məsələ dəfələrlə müzakirə olunur, Bayram Heydərov elmi şura üzvlərini inandıra bliir ki, təqdim etdiyi liseyin əsasnaməsi mövcud qanunlara uyğundur və məhz bu dörd profil gələcəkdə hərbi kadrların hazırlığında ölkəmizə yararlı olacaqdır. Təbii ki, bu sahələr üzrə daha konkret iş ali təhsil ocaqlarında kadr hazırlığı yaxud hərbi məktəblərdə də bu istiqamətlər üzrə kadr hazırlığının davamı işlənilməsi də planlaşdırılırdı…

Yeri gəlmişkən ölkədə hələki ” ZƏNGİ” kimi xüsusi profillər üzrə yaradılan və müstəqil ayaq üstə duran ikinci məktəb yoxdur. Konkret olaraq müqayisə etmək imkanlarım var və etmişəm.

Riyaziyyat və Mexanika İnstitutunda riyaziyyatın bütün sahələri üzrə nəhəng alimlərin olduğunu hamı bilir. Qeyd edim ki, hərbin ən müxtəlif və müasir sahələri üzrə əsas sifarişçi təşkilatlar, elmi tədqiqat intitutlarında fəaliyyət göstərən şəxslər riyaziyyatçılar, fiziklər, mexaniklər əsas aparıcı mütəxəssislərdir. Bu mənada gənc ideya müəllifinin nə istədiyini böyük alimlər dərhal tutur, təhlil edir və buna görə də səs vermişdilər…

Az. MEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şurada qərarin qabul olunmasına nail olan Bayram Heydərov və bu işə sədaqətli dostları müvafiq qaydada prosesi davam etdirmək üçün Fəraməz müəllimin Bakı Şəhər İcra Hakimiyyəti başçısının adına olan məktubunu ünvana çatdırır və 1992- ci ilin əvvəllərindən onlarla yuxarı aşağı yazışmalarda sonra arzuladıqları profillər üzrə ” ZƏNGİ ” liseyinin yaradılmasına qərar verilir.
Sonrakı proseslər barədə bir neçə dəfə yazmışam.
Cəmi dörd siniflə fəaliyyətə başlamaları , kontingenti yığarkən olunan maneçiliklər, bu dörd sinifə belə çətinliklə yer verilməsi, sonra məktəbdən müəllimləri əsasən alimlər olan liseyin uşaqlarını müəllimlər qarışıq məktəb binasından çıxarmaları, Azərbaycanda “rus məktəbi”nin binasından Azərbaycanlı uşaqların qovulması və mətni təxribat dolu məktubla ölkə rəhbərliyinə bu liseyin məktəbə buraxılmayacağı barədə müraciətlər, rus icmasının ” rus məktəbini” müdafiə etməsi daha nələr, nələr…

Bayram Heydərovun mində bir zəhmətini qeyd edə bildim.

” ZƏNGİ” liseyinin yaradılması sırf gələcəkdə xüsusi sahələr üzrə məhz hərbi işə xidmət idi, adı isə sırf Qərbi Azərbaycana bağlılığın nişanəsi idi.

” ZƏNGİ” liseyi Bayram Heydərovun şəxsən konkret milli mənafe üçün yaratdığı özünə məxsus təlim- tərbiyə müəssisəsidir. Sadəcə böyük ürəyi özəl etməyə imkan vermədi, dövlətinin olmasını istədi. Bax bunun əziyyətini bu gün müəyyən mənada yaxınları və ailəsi çəkir. Bir çox nümunələr var ki, yaradıb və idarəsini də özləri edir, bir kimsə də irad tuta bilməz.
Bayram Heydərov isə elə etdi ki,… bu gün aidiyyatı, əməyi olmayanlar bu qədər miqyaslı zəhmətin üzərində oturub ” dövlət müəssisəsidir” deyərək genəlirlər…

Mirfayiq Heydərli