Zərifin Azərbaycana səfər tarixi və proqramı açıqlandıbackend

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 2021-ci il 24-25 yanvar tarixlərində Azərbaycan Respublikasına səfər edəcək.

İranın Azərbaycandakı Səfirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, səfər zamanı o, Prezident İlham Əliyev, Baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və həmkarı Ceyhun Bayramov ilə görüşəcək.

“Bu səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək. Buraya iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq və s.), İranın 10 Noyabr Bəyanatı (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmışdır) formatında altı tərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı, Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı daxildir”, – deyə məlumatda bildirilir.

İran xarici İşlər nazirinin bu regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.