“İlk növbədə qəhrəman pilotumuza və stüardessaya Allahdan rəhmət diləyirəm. Onlar doğurdan da Azərbaycan xalqının qəhrəmanlarıdır. Çünki onlar insanların həyatlarını xilas ediblər. Canları bahasına son ana qədər soyuqqanlılıqlarını qoruyublar, vəzifələrini şərəf və ləyaqətlə yerinə yetiriblər. Ona görə də, bu qədər xalqın bura yığışması onlara olan ehtiramın göstəricisidir!.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında təyyarə qəzası zamanı həyatını itirən AZAL əməkdaşlarının dəfnində iştirak edən Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O bildirib ki, Fəxri Xiyabanda bu qədər izdihamı şəhidlərimizi verdiyimiz zaman görümüşük: “Bu qədər insan axınını biz ancaq şəhidlərimiz gələn zaman görmüşdük. Doğurdan da, onlar öz professionallıqları ilə Azərbaycan xalqının qəlbində heykəl yaradıblar. Onların Fəxri Xiyabanda dəfn olunmaları da çox qürurvericidir”.
Deputat Rusiyanın bu addımı ilə hər kəsi qəzəbləndirdiyini bildirib: “Rusiyanın addımları ilk gündən hər kəsi qəzəbləndirmişdi. Təyyarə vurulub və Rusiya ərazisinə enməyə icazə verilməyib. Rusiya Azərbaycan təyyarəsini Xəzər dənizinə göndərməklə sanki onları ölümə göndəriblər. Bu addımı atmaqda məqsədləri isə iz itirmək olub. Bütün bunlar yəqin ki, qara qutu açılandan sonra istintaq tərəfindən müəyyənləşəcək. İstənilən halda Rusiyanın təhlükəsiz ölkə olmadığı gündəmə gəldi. Necə ola bilər ki, əgər bir hava limanında havadan hücum qüvvələri, müdafiə raketləri yerləşdirilirsə, avtomatik rejimə qoyulubsa və yaxud onun arxasında duranların professionallıqları yoxdursa, göydə uçan hər bir aparata, təyyarəyə və ya digər qurğulara güllə atacaqlarsa, raket buraxacaqlarsa bu necə bir dövlətdir. Bu necə müharibə aparır. Bütün bunlar hamısı suallar doğurur.
Millət vəkili Rusiya Prezidentinin İlham Əliyevə zəng etməsinin ümid yaratdığını bildirib:
“Dünən Rusiya Prezidenti Putinin İlham Əliyevə zəng etməsi müəyyən bir ümidlər yaratdı. Hər halda Azərbaycan xalqının da bir az əsəbləri sakitləşmiş oldu. Amma yenə də, qara qutu açılmalı və ordakı məlumatlar bilinməlidir. Bizə ən maraqlı olan təyyarənin Rusiya ərazisində enməsinə icazə niyə icazə verilməməsidir. Məsələ burasındadır ki, mən bu gün ABŞ-dan, Kanadadan, Latviyadan olan pilotların, ekspertlərin rəylərini oxudum. Bu “Euronews”da var idi. Bizim saytlar da bunu tərcümə edib yayımlamışdılar. Onlar qeyd ediblər ki, o təyyarənin hələ ki, hidrovlikası pozulmayıb. Ümumiyyətlə, “Embraer” təyyarəsində elə sistemlə qurulub ki, o təyyarə hər hansı zədə alsa belə havada qala bilir. Əgər onlara hər hansı hava limanında enməyə icazə verilsə idi, o zaman bütün sərnişinləri xilas etmək mümkün olacaqdı. Təyyarədə olanların enməsinə bu qədər əngəl yaradılıbsa, onlara cəza verilməyibsə və bu faktı gizlədib, onları öldürmək istəyiblərsə, düşünürəm ki, istintaq nəticəsində bunun üstü açılan zaman Rusiya və Azərbaycan arasında münasibətlər yenə gərginləşə bilər. 67 nəfəri bilərəkdən ölümə göndərmək birbaşa humanizmdən kənar mövzudur. 1-2 nəfərin cinayətini gizlətmək üçün 67 nəfəri ölümlə üz-üzə qoymaq bağışlanmazdır”.
Günel Hüseynli