Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.
Erməni vandalları tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya və 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün ərzində Ermənistanın işğal faktına son qoydu. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Düşmən döyüş meydanında diz çökərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin etdi.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri də nəzarətə götürüldü.
İşğaldan azad edilmiş əraziləridə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Laçın rayonunda da vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdaraq rahat yaşamaları üçün bütün tədbirlər həyata keçirilir.
Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan “Güləbird” Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq ki, tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Belə ki, burada hava limanının tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həmçinin işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasından xəbər verir. Eyni zamanda, Laçın hava limanı logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Bu gün fəxarət və qürur hissi ilə deyə bilərik ki, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və digər işğaldan azad edilmiş rayonlar bərpa olunacaqdır.
Ötən ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçınlılar 31 ildən sonra öz doğma yurdlarına qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Hazırda da Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Laçın şəhəri ilə yanaşı Zabux və Sus kəndində də artıq məskunlaşma həyata keçirilib. Bu kəndlər tamamilə yenidən tikilərək istifadəyə verilib. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Laçında da digər azad edilmiş ərazilərimizdə olduğu kimi quruculuq-bərpa işləri ardıcıl, proqramla həyata keçirilir ki, bütün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdaraq burada əbədi, xoşbəxt, təhlükəsiz şəraitdə yaşasınlar
Qazanılan bütün uğurlar təbii ki, ölkə Prezidentinin iradəsi, xalqımızın biriliyi və ordumuzun gücü sayəsində qazanıldı.
YAP Təftiş Komissiyasının sədri,
Milli Məclisin deputatı
Sevinc Hüseynova