Heydər Əliyev adına Hərbi İnstituta 2023/2024-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.
“Yeni Gundem” xəbər verir ki, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 4 il müəyyən edilib.
Bu il mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 153 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir. Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmaq istəyən namizədlər 1 aprel – 30 aprel tarixinədək ərizə ilə Hərbi İnstitutun rektoruna müraciət etməlidirlər.