1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildibackend

Azərbaycan xalqı son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, “Xalq qoşunu” dəstələrinə, “Qırıcı batalyon”lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində müharibənin ilk günlərində 40 min nəfər, o cümlədən 1000 nəfərə qədər qız könüllü olaraq cəbhəyə getmək üçün respublika Hərbi Komissarlığına müraciət etdi. Yalnız 1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30480 nəfər, o cümlədən hərbi məktəblərə 2287 nəfər, qvardiya diviziyalarına 3165 nəfər, döyüşən hissələr ehtiyatına 22319 nəfər səfərbər olundu.

1941-1942-ci illərdə respublikada təşkil edilən hərbi birləşmələrə Azərbaycandan 5000 kommunist və komsomolçu daxil olmuşdu. 1943 -cü il yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı.

Zaqafqaziya cəbhəsinin Hərbi Hissələrin Təşkili və Tamamlanması İdarəsi Azərbaycanda səfərbərlik işinin təşkilini yüksək qiymətləndirmişdi.

Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olunmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.

Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar təşkil olunmuşdu. 1941-ci ilin dekabr ayında Krımın müdafiəsində iştirak etmiş, Ağ Manay rayonundakı döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirmiş 77-ci diviziya da 1942-ci ilin mayında yenidən respublikada komplektləşdirildi.

Döyüşən qoşun üçün ehtiyat qüvvələr hazırlanmasında görülən zəruri işlər nəticəsində 1941-ci il iyunun 22-dən avqustun 14-dək Azərbaycan SSR-də Xalq qoşunu dəstələrinə 186704 nəfər (onların 30563 nəfəri qadın idi) yazılmışdı. Bu dəstələr istehsalat-ərazi prinsipi üzrə təşkil edilirdi. Onların fəaliyyətinə rəhbərlik üçün Mərkəzi qərargah yaradılmışdı. Bakı şəhərinin 18 rayonunda Xalq qoşunu dəstələrinə 61780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu. Bakı ətrafında müdafiə zonası yaradılmasında Xalq qoşunu dəstələrinin 12000 döyüşçüsü fəal iştirak etmişdi.

1941-ci ilin İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı. 1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Böyük Vətən müharibəsinin cəbhələrində, döyüşlərdə Azərbaycan xalqı nəyə qadir olduğunu bütün dünyaya sübut edib.

Azərbaycan Dillər Universiteti Məhərrəmova Nərmin