2 tələbənin ölümünə səbəb olan qəza ilə bağlı – Rəsmi açıqlamabackend

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da saat 02 radələrində 1989-cu il təvəllüdlü Rauf Məmmədovun sərxoş halda idarə etdiyi “Lada Piriora” markalı 99 HD 730 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq Abbasəli Tağıyevin idarə etdiyi 57 CA 446 dövlət qeydiyyat nişanlı VAZ-2106 markalı avtomobil ilə toqquşması nəticəsində “Lada Piriora” markalı avtomobildə olan sərnişinlər – 2000-ci il təvəllüdlü İkram Bayramlı və Eldar Məmmədovun hadisə yerində ölmələri faktına görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, qəzada həlak olanlar Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələridir.