Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq may ayının 25-də Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında 2 yaşayış binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Bu barədə “Yeni Gundem”-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin bölmələrində ardıcıl olaraq müasir standartlara cavab verən sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması, inkişaf etdirilməsi, şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər dövlətimizin ali rəhbərliyinin hərbi təhlükəsizlik məsələlərini daim diqqətdə saxladığının əyani sübutudur.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, xidmətlərində uğurlar arzulanıb.
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.