“20 Yanvar Azərbaycan xalqının öz azadlığı və istiqlalı uğrunda mübarizəsinin şanlı tarixidir” – Məlahət İbrahimqızıbackend

Azərbaycan xalqının XX əsrlik tarixində öz azadlığı və istiqlalı uğrunda şanlı və şərəfli mübarizə tarixi qürurverici səhifələrlə çox zəngindir. Bu səhifələrin hər bir sətri özündə xalqın qəhrəmanlıq dolu hadisələrini əks etdirir. Bu qəhrəman­lıq səhifələrindən biri də 1990-cı ilin 19 yanvardan 20 yanvara keçən gecə baş verən və tariximizə xalqımızın öz Azadlığı və İstiqlalı uğrunda apardığı mübarizəsi kimi yazılmışdır. Öncə onu qeyd etməli və heç vaxt unutmamalıyıq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. 

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Millət vəkili vurğulayıb ki, 20 Yanvar xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir.
“1980-ci illərin sonunda Sovet İttifaqında ictimai-siyasi həyatın demokratikləşməsi nəticəsində Azərbaycanda başlanan siyasi oyanış sovet rəhbər­liyini ciddi narahat edirdi. Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva səbəbi də, bəhanəni də özü hazırladı. Respublikada hakimiyyətsizliyin hökmü, özbaşınalıq, ermənilərin azərbaycanlılara qarşı Dağlıq Qarabağda təcavüzkarlığı, milli müstəqillik yolunu tutmuş xalqın üsyanları Moskvanın öz planlarını həyata keçirmək üçün şərait yaratdı. 1990-cı il yanvarın əvvəllərində mərkəzin göstərişi ilə müxtəlif qoşun hissələri Bakıya gətirildi.

Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir. Azərbaycan tamamilə dünyadan təhrif olunmuş durumda idi. Məhz tarixin ən dəhşətli faciələrindən olan 1990-ci ilin 20 yanvarında hətta Azərbaycan televiziyası və mətbuatının fəaliyyəti tamamilə qadağan edilmişdi.

Ancaq gərgin siyasi iğtişaşların tüğyan etdiyi 1990-cı illərdə bəzən ictimai rəyə istiqamət verən mətbuat da öz sözünü deməkdə çox aciz idi. Lakin həmin dövrdə dünya ictimaiyyəti də hadisə haqqında informasiyalara biganə qalmadı. Böyük Britaniyanın “The Times” qəzeti, “The “Guardian” qəze­ti, BBC ka­nalı, ABŞ-ın “Los Angeles Times”, “The New York Times”, “Washinqton Post”, “Kristian Sayens Monitor”, “Baltimor San” və digər media orqanları Qara Yanvar hadisələrini, daha doğrusu faciəsini xalqın azadlıq ideyalarının boğulması və törədilmiş ən ağır cinayət adlandırmpşdılar. O Azərbaycanın bəzi tanınmış simaları rəsmi Moskvaya, Qorbaçov rejiminə çox kəskin və sərt protest etsələr də demək olar ki, nəticəsi olmamışdı.

Azərbaycan tam Sovet ordusunun nəzarətində idi və Bakıda və bəzi rayonlarda hərbi-komendat rejim idi. Yalnız 21 yanvarda Ümumilli lider Heydər Əliyev ailə üzvləri ilə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, beynəlxalq ictimaiyyətə Sovet rejiminin faşist mahiyyətini dünyaya bəyan etdikdən sonra bu qanlı olaylar bir az səngiməyə başladı.
Nə qədər ağır və acı olsa da deməliyik ki, tarix boyu torpaqlarımıza göz dikmiş erməni separatçılarının Qarabağ və ətraf rayonlara qarşı ərazi iddiaları ilə başlamış hadisələrdə o dövrün ancaq rəsmi Moskanın sifarişini yerinə yetirən kölə psixologiyalı, səriştəsiz və təsadüfi dövlət rəhbərliynin 20 yanvar 1990-cı il faciəsinin baş verməsində təqsirlidirlər.Bütün bunlara baxmayaraq, Ölkəmizdə baş verən sonrakı hadisələri gərgin ictimai-siyasi şəraitdə xalqımızın milli özünüdərki, milli ruhunun oyanışı, azadlığı, istiqlalı uğrunda mübarizəsi və mücadiləsi kimi yaddaşlara əbədi yazılmışdı. Bu mənada xalqımızın yaddaşına əbədi yazılmış 20 Yanvar hadisəsi milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Minnətdarlıqla bildirməliyik ki, 20 Yanvar faciəsinə əsil hüquqi -siyasi qiymət Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin “20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanı ilə verilmişdir.

20 Yanvar hadisəsindən dərs çıxarılası çox şeylər var. Ən əsası isə bu hadisə Azərbaycan xalqına bir daha sübut etdi ki, xalqın və dövlətin taleyində güclü lider olmazsa o xalqın da, dövlətin də gələcəyi suallar altındadır. Bunu biz 20 yanvar faciəsindən ötən 33 il ərzində bir daha şahid olduq. Xüsusilə də müstəqilliyini yeni qazanmış dövlətlər üçün Güclü Lider həlledici amildir.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi. 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Xocalı soyqırımı yaşamış Azərbaycan xalqı 20 yanvardan başlayaraq çox keşməkeşli bir yol keçsə də müstəqil dövlətimizin qurucusu olan Heydər Əliyevin və eləcə də bu gün Respublikamızın Prezidenti, Müzəffər Ali Baş Kamandanımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə dünyada Zəfər qazanmış, Qalib Xalq kimi tanınır. 20 Yanvardan Şuşaya gedən bu şərəfli yolun hə qarışında xalqımız minlərlə qəhrəman oğul və qızlarımızı şəhid oldu, minlərlə övladlarımız sağlamlığını itirdi. Vətən torpağımız qanla yoğruldu. Bu səbəbdən 20 Yanvar hadisələrini bütün təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. Azərbaycan xalqı tarix boyu apardığı haqlı mübarizəsində öz məqsədinə çatıbdır. Bu gün möhtəşəm Qarabağ Zəfərini qazanmış Azərbaycan xalqının dünya erməniliyinə və onlara dəstək verən qüvvələrə qarşı siyasi və hüquqi müstəvidə mübarizəsi savam edir.

Bu mənada əminik ki, tarixi torpaqlarımız və əcdadlarımızın yurd yerləri uğrunda apardığımız prinsipial və ədalətli mübarizədə yüzminlərlə qaçqın soydaşlarımızın öz doğma ocaqlarında itirilmiş hüquqlarının bərpasına nail olacağıq. Bu yolda başda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Kamandanımız möhtərəm cənab İlham Əliyev olmaqla hər kəsə uğurlar arzulayıram.”