20 Yanvar müstəqillik tariximizdə milli azadlıq hərəkatı kimi xalqımızın yaddaşına əbədi həkk olunub – Deputatbackend

1990-cı il qanlı 20 Yanvar faciəsindən 34 il ötür. Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıcı idi. 1990-cı ilin Yanvarın 20-də Azərbaycan xalqı milli kimliyini sübut etmək üçün meydanlara çıxmışdı. Ona görə də, bu tarix qanla yazılsa da Azərbaycan xalqının tarixinə bir şərəfli səhifə kimi daxil oldu. Bu mənada 20 Yanvar müstəqillik tariximizdə milli azadlıq hərəkatı kimi xalqımızın yaddaşına əbədi həkk olunub.

“Yeni Gundem” xəbər verur ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, o vaxt Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətməklə xalqımızın iradəsini sındırmağa çalışırdı: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonunda xalqımıza qarşı qanlı cinayət törətdi. Sovet ordusuna məxsus xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi misli görünməmiş vəhşiliklə müşahidə edildi. Bununla da 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını tamamilə itirdi. Qanla yazılan bu tarix müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi idi. Bu qanlı qırğınlar təkcə Bakı ilə yekunlaşmamışdı. Bakıdan sonra 1990-cı ilin yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilib. Respublika üzrə ümumilikdə həmin qanlı hadisələr zamanı 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak vəhşicəsinə gülləbaran edilərək dağıdılıb”.

Deputat bildirib ki, 20 Yanvar hadisələri o dövr özlərinin ambissiyalarını reallaşdırmağa çalışan Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzünu açmış oldu: “Məhz AXC-Musavat cütlüyü hakimiyyətə gəldikdən sonar 20 Yanvar hadisələrinə siyasi qiymət verilməyi unutdu. Hər zaman Azərbaycan xalqının taleyini düşünən 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz edən də məhz Ulu Öndər Heydər Əliyev oldu. Sovet hakimiyyətinin bu qanlı cinayətinə etiraz edən Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan xalqının başına gətirilən qanlı faciyəyə ilk siyasi-hüquqi qiyməti verildi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevlə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı faciəni və onun təşkilatçıları barəsində dünya ictimaiyyətinə məlumat verdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Daha sonar isə Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi”.

Millət vəkili vurğulayıb ki, 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardı: “Xalqımız 30 il sonra da tarixi torpaqlarımızın düşmən işğalından azad olunması naminə birlik, bərabərlik, həmrəylik nümayiş etdirdi. Azərbaycan xalqı bir daha özünün əzmini, iradəsini göstərərək 20 Yanvardan başlayan azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməklə bir daha dünyaya öz gücünü göstərdi. Xalqımızın birliyinin, gücünün simvoluna çevrilmiş “Dəmir Yumruq” Vətən torpaqlarının işğaldan azad oluması, ərazi bütövlüyü və suverenliyimizin bərpası ilə başa çatdı”.

Məlahət İbrahimqızı Azərbaycan xalqının şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutduğunu söyləyib: “1990-cı ilin 20 Yanvarında canından keçmiş şəhidlərimizin də əziz xatirəsi hər zaman ən yüksək ehtiramla anılır. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın əziz xatirəsi heç vaxt unudulmur və unudula bilməz. Hər il onların əziz xatirəsini ehtiramla yad edilir. Güclü, qalib, ərazi bütövlüyü, suverenliyi tam təmin edilmiş Azərbaycan bu gün bu şanlı mübarizə uğrunda canını qurban vermiş şəhidlərin mübarizə əzminin ifadəsidir”.