Müqəddəs Azərbaycan torpağının, ana yurdumuzun gözəl guşəsi olan Kəlbəcər qədim bir tarixə malikdir. “Kəlbəcər” toponimi qədim türk mənşəlidir, mənası da özü kimi möhtəşəm – “çay üstündə qala” deməkdir. Tarixçilərin araşdırmaları göstərir ki, Kəlbəcər çox qədim insan məskənlərindən biri olmaqla burada ibtidai insanın təşəkkülü və formalaşması dördüncü geoloji dövrlə bağlılıq göstərir. Qeyd edilən dövr dörd milyon ildən artıq tarixi əhatə etmişdir. Buradakı qədim yaşayış məskənlərinin tarixi 30 min ili ötmüşdür. Kəlbəcər sanki qədim türklüyün, min illərin şanlı salnaməsinin sübutu, Ulu Tanrının Azərbaycana bəxş etdiyi gözəlliklərin simvoludur.
Buradakı daş abidələr, maddi mədəniyyət nümunələri, 6 min il yaşı olan qaya üzərində təsvirlər, çöp şəkilli qədim türk əlifbası nümunələri qan yaddaşımızın, Azərbaycan tarixinin – bəşər tarixi ilə bir yaranmış, bu tarixin kökündə dayanmış ulu bir xalqın minilliklərdən bizə doğru gələn əks-sədası, milli qürurumuzun mənbəyi, ata-babalarımızın mirasıdır. Kəlbəcər qədim dövrün açıq səma altında bir kitabəsi, tarixçilərin, arxeoloqların daimi diqqət mərkəzi olmuşdur. 1968-ci ildən Kəlbəcər rayonunun “Qaragöl” və “Zalxa gölləri” sahillərində, “Ayıçınqıllı” və “Pəriçınqıllı” dağlarında qaya təsvirləri tədqiq olunmağa başlamışdır. Məhz bu qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri müəyyən olunmuşdur.
Respublikamızın paytaxtı Bakı şəhərindən 458 km aralıda yerləşən Kəlbəcər şəhəri, eləcə də şəhər tipli İstisu qəsəbəsi, Başlıbel, Zəylik, Zar, Qılıclı, Zülfüqarlı kəndləri kimi iri yaşayış məskənləri, bu bölgənin mühüm iqtisadi əhəmiyyətinin göstəriciləri olmuşdur. 32774 hektar təşkil edən meşə təsərrüfatı, Kiçik Qafqazın ən böyük kanyonunun bu ərazidə yerləşməsi Kəlbəcərin təbii gözəlliyinin akkordlarıdır.
Əlbəttə ki, bu ərazi erməni işğalçılarının diqqətindən yayına bilməzdi. Bütün hərbi-cinayətkar maşınının qüvvəsini işə salıb xarici havadarlarının xəsislik bilmədən payladığı pulların hesabına təpədən dırnağa qədər silahlanmış erməni faşist birləşmələri 1993-cü ilin aprelində o zamankı dırnaqarası rəhbərliyin qeyri-peşəkarlığından və vəzifə-kreslo “davalarından” başqa heç nə ilə məşğul olmamasından istifadə edərək Kəlbəcəri işğal etdi. Amma buna heç də asan nail olmadı – say baxımından təqribən 15 dəfə artıq düşmənlə döyüşən qəhrəman oğullarımızdan 450 nəfərdən artıq döyüşçünü itirdik, onların qanı və canı bahasına 60 min Kəlbəcərli təxliyə oluna bildi. Azərbaycan Respublikasının 56 rayonunda və şəhərində, ümumən 707 yaşayış məntəqəsində qaçqınlıq həyatını yaşayan Kəlbəcər sakinlərinin mətin ruhunu qırmaq düşmənə qismət olmadı, onlar xalqımıza xas olan dəyanəti daim nümayiş etdirdilər. Ulu Öndər Heydər Əliyev Kəlbəcər sakinləri ilə görüşdə dediyi sözlər zamanında öz təsdiqini tapdı: “Kəlbəcərin Ermənistan işğalından azad olacağı gün gələcək, biz sizinlə Kəlbəcərə qayıdacağıq, orada kəlbəcərlilərin qəhrəmanlığını əbədiləşdirən abidələr yaradılacaq.”
Ermənistanın cinayətkar rəhbərliyi Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 822 saylı qətnaməyə də məhəl qoymadı, amansızcasına Kəlbəcərin talanını davam etdirdi. Ən əsası, erməni faşistləri tariximizi silmək kimi alçaq niyyətlərini həyata keçirmək istədilər – Vəng kəndindəki Alban məbədi, Qaraçanlı kəndindəki Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Camışlı kəndindəki Keşikçi qalası, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi və onlarla bu cür unikal abidələr dağıdıldı. Kəlbəcərin zəngin maddi ehtiyatları Ermənistana daşındı, bütün bu cinayətlər özlərini “demokratik” adlandıran dövlətlərin gözü önündə baş verirdi və beynəlxalq səviyyədə ermənipərəst qüvvələrin səyləri ilə cavabsız qalırdı. “İkili standartları” norma etmiş qərb siyasi dairələri bütün bu vəhşilikləri görməyərək kimi dolanır, “danışıqların, dialoqun əhəmiyyəti” barədə demaqoqluq edir, bir sözlə erməni vandalizminin, vəhşiliyinin bir növ iştirakçısına çevrilirdi.
Lakin tariximizin ən qüdrətli sərkərdəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, dahi strategiyasına söykənmiş Azərbaycan dövlətçiliyi bütün bu dövrdə ardıcıl, planlı surətdə ordumuzun gücləndirilməsi, ən yeni texnika ilə təchiz olunması yolunda qətiyyətli addımlar atırdı. Ölkə Rəhbərinin mətin, sarsılmaz iradəsi, vətənpərvərlikdən qaynaqlanmış ideologiyamız düşmənə ani də olsa, heç bir şans vermədi. Azərbaycan xalqının əsrlər, minilliklər boyu sahib olduğu, yaşadığı, məskunlaşdığı ərazilərdə at oynatmaq, yallı getmək istəyənlər biabırcasına məğlubiyyətlə üzləşdilər. Mənfur erməni-cinayətkar, əlləri qadın və uşaq qanına boyanmış, əsgəri şərəfin nə olduğunu bilməyən hərbi birləşmələri tam iflasa uğradı, 44 günlük Vətən müharibəsi başlandığı gündən lətifələr qəhrəmanına çevrilmiş, zabitlərindən çox telefon dəstəyi ilə vaxtını keçirən erməni dövlətinin başçısı qorxaqcasına dünyanın bütün irili-xırdalı ölkələrindən yardım, kömək, müdafiə istədi. Heç bir qüvvə, dünyada heç bir siyasi və ya hərbi qurum Azərbaycan əsgərinin iradəsini, döyüş əzmini qıra bilməzdi, çünki onu döyüşə tarixin ən qüdrətli sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyev göndərmişdi. Torpaqlarımız tamamilə azad edildi, bütün dilbər guşələrimiz kimi Kəlbəcərdə də müqəddəs bayrağımız qaldırıldı. Respublika Prezidentinin Kəlbəcərdə Dövlət bayrağını ucaldarkən dediyi sözlər hər bir Azərbaycanlının qəlbinə əbədi həkk olundu: “Biz bu gün buradayıq, Kəlbəcərdəyik, Azərbaycanın çox gözəl guşələrindən biri olan Kəlbəcərdəyik və biz bundan sonra burada əbədi yaşayacağıq. Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”
Şanlı günlərin əbədi təcəssümü kimi Dövlət Rəhbərinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd edilir.
Hal-hazırda Kəlbəcərdə, bütün işğaldan azad edilmiş ərazilərimizdə olduğu kimi, misli görünməmiş quruculuq işləri gedir. Dövlət Rəhbəri Kəlbəcərin azad edilməsindən sonra bura etdiyi artıq ilk səfərində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etmiş, Kəlbəcər Kiçik Su Elektrik stansiyasında görülən işlərlə tanış olmuşdur.
“Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi, “İstisu” mineral su zavodu, “İstisu” sanatoriyası, “Qamışlı” Kiçik Su Elektrik Stansiyası, “Meydan” Kiçik Su Elektrik Stansiyası, 960 şagirdlik məktəbin inşası və digər müəssisələrin qurulması, Azərbaycan Respublikası Prezidentinin qayğısı və diqqəti, hədsiz-hüdudsuz Vətən məhəbbətinin təcəssümüdür. Yanşaq və Zallar kəndlərinin ümumilikdə 1000-ə qədər ailənin məskunlaşması üçün nəzərdə tutulması buradakı quruculuğun hansı miqyasda getdiyindən, infrastrukturun necə bir yüksək standartlara uyğunluğundan xəbər verir. Ümumən 855 ailənin məskunlaşması üçün nəzərdə tutulmuş Zar kəndində Respublika Prezidentinin göstərişinə əsasən evlərin və küçələrin işıqlandırılması üçün “yaşıl enerjidən” istifadə nəzərdə tutulmuşdur.
Beləliklə, bütün dünyaya Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə hərbi möcüzəni – bir gündən az vaxtda çoxminlik ordunu diz çökdürmək məharətini göstərmiş dövlətimiz, yurdumuzun oğul və qızları dünya siyasətinin Lideri olan İlham Əliyevin dahiyanə strategiyasını həyata keçirərək indi də yaradıcılıq, quruculuq xarüqələrini nümayiş etdirir, əsrlərlə yaşayacaq sənaye və mədəni obyektlərini inşa edirlər. Kəlbəcər şəhəri öz bayramını – Kəlbəcər şəhəri gününü alnıaçıq, qürurla qeyd edir, bu şəhər, yurdumuzun digər şəhərləri kimi qalib şəhərdir, qaliblərin şəhəridir, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin dühasının, mətin və sarsılmaz gücünün təcəssümüdür!
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri,
Əməkdar elm xadimi,
prof. Vaqif Şadlinski