28 May – Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.
“Yeni Gundem” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin aparatında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən İstiqlal Bəyannaməsinin imzalanması ilə müstəqilliyin dünyaya bəyan edildiyi, 23 ay mövcud olmasına baxmayaraq müsəlman şərqində demokratik dəyərlərin formalaşması ilə bütün sahələrdə bir çox əhəmiyyətli işlərin görüldüyü şəxsi heyətin diqqətinə çatdırılıb.
1991-ci ildə müstəqilliyinə yenidən qovuşmuş dövlətimizin ötən dövr ərzində mürəkkəb inkişaf yoluna nəzər salınıb, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın möhkəmlənməsində, dünya dövlətləri arasında layiqli yer tutmasında, ölkəmizin sərhəd mühafizəsinin formalaşmasında və inkişafında misilsiz xidmətləri böyük minnətdarlıq hissi ilə qeyd olunub.
Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, zəfər və qəhrəmanlıq simvolu olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, uzaqgörən diplomatik siyasəti, Silahlı Qüvvələrimizin şücaəti və xalqımızın birliyi sayəsində Vətən müharibəsi, 12-13 sentyabr 2022-ci ildə düşmən təxribatının qarşısının alınması və 2023-cü ilin sentyabr ayında lokal xarakterli anti-terror əməliyyatları zamanı hərb meydanında əldə edilən qələbələrin məntiqi davamı olaraq, Qazax rayonunun dörd kəndinin bir güllə atılmadan geri qaytarılması ilə bu gün milli dövlətçilik tariximizin şanlı səhifələrindən olan Müstəqillik Gününü ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş qalib dövlət olaraq qeyd etdiyimiz xüsusi vurğulanıb.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş “Son iclas” sənədli filmi nümayiş etdirilib.