18 gün bundan əvvəl Türkiyədə premyerası keçirilən “Yedinci koğuşdakı mucize” filmi rekord qırmağa davam edir.
“Yeni Gundem” xəbər verir ki, Aras Bulut İynemlinin baş rolu oynadığı ekran işi 3 həftə ərzində üç milyon insan tərəfindən izlənilib.
Sonuncu şənbə və bazar günü isə 482 min 54 tamaşaçı sözügedən filmlə tanış olub. Bununla da, Mehmet Ada Öztekinin rejissorluq etdiyi film öz liderliyini üç həftədir ki, saxlayır.
Xatırladaq ki, kino 7 yaşlı qızı ilə eyni zəkaya sahib olan atanın ədalət arayışından bəhs edir. Belə ki, 1983-cü ildə Ege qəsəbəsində kiçik qız uşağı ölür. Ölən qız fövqəladə vəziyyət komandirinin qızıdır və onun ölümündə təqsirləndirilən şəxs nənəsi ilə yaşayan və 7 yaşında qızı Ova (aktrisa Nisa Sofiya Aksongur) olan Memodur (aktyor Aras Bulut İynemli).
Memo nə qədər təqsirsiz olduğunu desə də, ona heç kim inanmır. Edam cəzası alan Memonun yaxınları ədalətin bərqərar olmasına çalışarkən, Memo və qızı Ovanın tək istəyi bir-birilərinə qovuşmaqdır.