Əbu Turxan haqlı olaraq yazır ki, böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər. Bəli. Söhbət həm böyük şəxsiyyətdən, həm də böyük Azərbaycan xalqından gedir. Bir sözlə İlham Əliyev və Azərbaycan xalqı. Bu gün təkcə növbədənkənar prezident seçkiləri günü deyil, həm də bütöv Azərbaycan günüdür. Xalqımız 277 ildən sonra ilk dəfə olaraq bütöv, tam vətənində dövlətinin başçısını seçəcək. Naxçıvanda seçəcək, Şərqi Zəngəzurda seçəcək, Qarabağda seçəcək, Xankəndində seçəcək, Gəncədə seçəcək, Lənkəranda seçəcək, Bakıda seçəcək… Bir sözlə Azərbaycanın hər yerində seçəcək. Böyük fərq də elə budur.
Tarixi təcrübə göstərir ki, tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən asılı olmayaraq, liderlik fenomeni xalqların gələcək taleyində, milli dövlətin inkişafında aparıcı rola malikdir. Bu gün tam əminliklə demək olar ki, İlham Əliyev fenomeni bunu şərəflə bacardı. Azərbaycan xalqının gələcək taleyində, müstəqil, demokratik Azərbaycan Respublikasının inkişafında aparıcı rola malik oldu və malikdir.
Milli dövlətçilik tariximizin inkişaf mərhələləri çoxəsrlik keçmişə dayanır və olduqca keşməkeşlidir. Ancaq bu tarixin elə mərhələləri var ki, onlar özündən əvvəlki ənənələri qorumaq və növbəti mərhələ üçün perspektivlər yaratmaq baxımından olduqca əhəmiyyətlidir və fövqəladə xarakter daşıyır. Müasir dövlətçilik tariximizdə isə bu uğuru təmin edən, sözün əsl mənasında, böyük dövlət xadimi, böyük tarixi şəxsiyyət və böyük strateq İlham Əliyevdir. İlham Heydər oğlu Əliyev ilk dəfə ölkə başçısı seçiləndə Onu böyük tarixi yollar gözləyirdi. İlk öncə ölkə cəmi 9 il idi ki, müharibədən çıxmışdı. Parçalanmaqda olan Azərbaycanı bərpa edən xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyev ölkəmizi ağır faciədən xilas etmək üçün bütün gücünü səfərbər edərək hərtərəfli nəhəng fövqəlada işlər gördü. Çox əfsuslar olsun ki, Ulu öndərin səhhətində yaranan problem onu bu işləri davam etdirməyə imkan vermədi. Ancaq Ulu öndər ölkəmizin gələcəyini çox yaxşı görürdü. Xalqımızın Ümummilli lideri demişdi: “Ona özüm kimi inanıram”.
İlham Əliyev 2003-cü ilin oktyabrın 15-də təkcə Azərbaycan Respublikasının Prezidenti seçilmədi. Həmdə Müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin davamçısı seçildi, onun yolunu davam etdirməyə başladı. İki böyük şərəfli missiyanın başlanğıcı… Hələ irəlidə çətin, böyük və şərəfli işlər İlham Əliyevi və Azərbaycanı gözləyir. Demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sadladığımız üç əsas amil əsas əldə olunmalı nailiyyətlərdən idi. İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. 1918-ci ildən başlanan 105 illik Respublika tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirərək, onu bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirdi. Böyük qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev planetimizdəki ən görkəmli dövlət liderləri sırasında dayanır. Prezident İlham Əliyevin liderlik obrazında rəhbərlik etdiyi ölkənin ərazi bütövlüyü xalqı və dövləti qarşısındakı taleyüklü böyük xidmətləri və beynəlxalq aləmdə sülhə, ədalətə və təhlükəsizliyə verdiyi mühüm töhfələrlə müəyyən olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk növbədə doğma xalqının və son nəticədə dünyanın qüdrətli liderlərindən biridir. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqının bütün təbəqələrinin cəsarətli və ədalətli lider kimi sonsuz məhəbbət və ehtiram bəslədiyi İlham Əliyev beynəlxalq aləmdə də dünyanın tanınmış liderlərindən biri kimi qəbul edilir. Dünya liderlərinin ön sıralarında təmsil olunmaq üçün Prezidentin siyasi iradəsi və xarizması ilə bərabər, mütləq onun həyata keçirdiyi islahatların, əldə etdiyi mühüm nəticələrin miqyası və əhəmiyyəti də zəruri prinsiplərdir. Fikrimcə, real və uzaqgörən ideyaları konkret böyük əməllərə çevirmək baxımından həyata keçirilmiş tədbirlərin ümummilli miqyasına, əhatə dairəsinə, hərbi-siyasi əhəmiyyətinə, iqtisadi cəhətdən faydalılıq əmsalına görə Prezident İlham Əliyevlə müqayisə edilə biləcək liderlər göstərmək asan deyildir. Təsadüfi deyildir ki, Azərbaycan xalqının Lideri üçün “Sözümüz imzamızdır, biz nəyə söz veririksə, onu da edirik, bunu bütün dünya bilir” prinsipi ölkə rəhbərinin həyatının və fəaliyyətinin əsas devizi kimi bəyan olunur.
Əlbəttə son iyirmi ilin uğurlarını bir-bir sadalasaq şriftlərin sayı yetməz. Lakin yuxarıda qeyd etdiyimiz sözlərin sübutnu 20 il ərzində gördük. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, İlham Əliyev fenomeni layiqincə bacardı.
Böyük ağır əzablara dəmir iradəsi sayəsində qalib gələn Azərbaycan xalqı bu gün təkcə öz ölkəsinin baçsını seçmir. Həm də gələcəyini seçir. Bizi qarşıda böyük uğurla həyata keçirilən “Böyük Qayıdış”ın tamamlanması, bacı və qardaşlarımızın Qərbi Azərbaycana qayıtması, COP-29-un şərəflə həyata keçirilməsi və digər onlarla hədəflərimiz gözləyir. Bu gün münasibətilə doğma Azərbaycan xalqına uğurlar arzu edirəm. Yaradan dövlətimizi və xalqımızı qorusun.
Fərahim Rəhimzadə