“8-ci kilometr bazarı”na niyə nəzarət edilmir? – “AQTA-nın “Xəyal plov”u varsa da, elə onun beynində qalmaq üzrədir”backend

“Bu gün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunmasına dair “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeks Alimentariusun fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük  böyük beynəlxalq konfrans işinə başlayıb. Çoxsaylı ölkələrdən gəliblər. Konfransı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi təşkil edir. Qida üzrə ölkədə ictimai rəydə olan insanların, ictimai təşkilatların heç biri konfransa çağırılmayıb. Çoxsaylı dövlət orqanları, o cümlədən başqa ölkələrdən gələn dövlət orqanları, necə deyərlər, “yorğan altında” müzakirələrə başlayıblar. Yer üzündəki hər bir insanın həyatı ilə bağlı olan bu kimi məsələlərin müzakirəsində əgər kütləvi informasiya vasitələri, ictimaiyyət kütləvi şəkildə təmsil olunmursa, əlbəttə, belə işin nəticəsi 8-ci kilometr bazarındakı toyuq satılan yerə bənzəyəcək. Elə o cür ifunətli, mənasız qərarlar qəbul olunacaq”.

Bu sözləri Pravda.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov 8-ci kilometr bazarında toyuq satışı həyata keçirilən yerlərdəki təhlükəli vəziyyətlə bağlı şikayətlərə münasibət bildirərkən deyib.

“İki il AQTA-da İctimai Şuranın üzvü oldum, onların rəhbərliyinə demişəm ki, siz nə vaxta kimi kütləvi informasiya vasitələrini təqib etmir, izləmirsiniz, onlara təşəkkür məktubu göndərmir, onlarla sıx işləmirsiniz, heç bir nəticəyə nail ola bilməyəcəksiniz. Mənə AQTA-nın sədr müavini Rəşad Mafusov dedi ki, “Eyyub müəllim, siz haradan bilirsiniz ki, biz bunu etmirik?” Mən öyrəndim, gördüm ki, heç bir iş görmürlər. Bu açıqlamamdan sonra görək sizin saytınıza bir təşəkkür məktubu yazıb, “sağol” deyib, gedib 8-ci kilometr bazarındakı toyuq satılan yerdə yoxlama aparacaqlarmı? Dəfələrlə KİV nümayəndələri 8-ci kilometr bazarından reportajlar hazırlayıblar. Bu, anormal haldır”, – sədr bildirib.

E.Hüseynov deyib ki, AQTA qətiyyən qoyduğu hədəflərə çata bilmir: “Çox təəssüf ki, Azərbaycan mallarının Avropa bazarına çıxarılmasına da qətiyyən nail ola bilməyib. Çoxsaylı səlahiyyətləri əlində birləşdirib, amma milyonlarla dollara yaradılmış laboratiyaları nə işlə məşğuldur, bilinmir. Hətta qonşu Rusiya bazarı ilə belə effektli iş görə bilmir ki, Azərbaycan malları Rusiya bazarına normal çıxsın. Həmişə demişəm, dövlət başçılarının, kralların, baş nazirlərin, hətta sadəcə ailə başçılarının ailəsi üçün yaxşı fikirləri ola bilər. Əgər ailə başçısının fikri ailə üzvləri tərəfindən dəstəklənməsə, o, “Xəyal plov” olaraq valideynlərin beynində qalar. Hətta AQTA-nın “Xəyal plov”u varsa da, elə onun beynində qalmaq üzrədir”.

Sədr vurğulayıb ki, 8-ci kilometr bazarındakı vəziyyət hər kəsi narahat edir: “Həftədə iki-üç dəfə bu bazar barədə bizə zənglər gəlir. Bu haqda ictimai çıxışlar edir, AQTA rəhbərliyini məlumatlandırırıq, lakin vəziyyət dəyişmir. Qeyd edək ki, quş ətləri ən tez çirklənən, təhlükəli ətlərdir. İnsanları tədrici zəhərlənməyə, xəstəliklərə aparır. AQTA-nın işinin nəticəsi Azərbaycanda apteklər şəbəkəsinin digər ölkələrdən 20 dəfə artıq olması, Azərbaycan vətəndaşlarının həkimlərdə növbədə dayanması, qonşu ölkələrin klinikalarının azərbaycanlılarla dolu olması, ən nəhayət, Ümumdünya Səhiyyə Təşkilatının insan ömrünün uzunluğuna dair cədvəlində 190 ölkə arasında 120-ci ölkədə qərarlaşmasıdır. 120 ölkə, hətta çoxsaylı geridəqalmış, kasıb Afrika ölkələri isə uzunömürlülükdə bizdən irəlidədir. Nemətlərlə dolu, gözəl Azərbaycanda azərbaycanlıların ömrü niyə bu qədər qısadır? Çünki təhlükəli qidalarla qidlanırlar. AQTA isə əsla buna fikir vermir. Heç bir elmi-tədqiqat institutu araşdırmır ki, görək nə üçün hər səhər Milli Onkologiya Mərkəzinin qapısında 200-ə qədər insan olur? 8-ci kilometr bazarı kimi yerlər ölkədə çox saydadır. Bunun nəticəsi də Onkologiyada növbəyə durmağımız, dərman biznesinin inkişafı ilə səciyyələnir, başqa heç nə. Düşünürəm ki, hökumət üzünü istehlakçılara doğru çevirməli, xalqla, istehlakçılarla sıx əlaqədə işləməlidir. Bu kimi məsələlərdə vətəndaşların səsi eşidilməlidir. Bu gün Milli Məclisin işıqlı, demokratik üzvü olan Əli Məsimliyə belə hallarla bağlı məktub göndərdim. Qeyd etdim ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və digər bu kimi qanunlar ciddi təhlil olunmalı, istehlakçıların müzakirəsinə verilməlidir. Açıq müzakirələr olmalıdır ki, müsbət nəticələr əldə edək”.