“OCOS” piramidası Azərbaycanın bütün regionlarını əhatə edən və vurduğu ziyana görə ən böyük şəbəkələrdən biri olub. Şəbəkə tərəfindən vətəndaşlara məxsus 8 milyon manatdan çox vəsaitin mənimsənildiyi bildirilir.
2021-ci ildə Bakı şəhər sakinləri Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.
Mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.
Bu yolla dəstə üzvləri 10 minə yaxın vətandaşı aldadıblar.
Artıq bir ildən çoxdur ki, təqsirləndirilən şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsində Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə məhkəməsi aparılır.
Zərərçəkmiş şəxslərin bir qismi isə məhkəmə prosesindən və prosesin yuvanmasından narazıdırlar.
Zərərçəkmiş Elmin Bayramlı “Yeni Gundem”-ə açıqlamasında bildirib ki, bu dəstə ona 20 min dollar ziyan vurub. Məhkəmə işi başlananda 200-ə yaxın zəzərçəkmiş var idi, hazırda isə onların sayı 60-a düşüb. Müxtəlif yollarla zərərçəkmişlər ələ alınıb, onlara müxtəlif vədlər verilərək şikayətlərini geri götürmələri təklif olunub.
“Xəyal Yaxyayevin atası mənə də təklif etdi ki, notariusda müqavilə bağlayaq və dəymiş ziyanı 6 ay müddətində qaytarsınlar. Mən buna razılaşmadım. Hüquqşunasla məsləhətləşdim, o da bildirdi ki, təqsirləndirilən tərəf bu yolla cinayət işini mülki işə çevirmək istəyir”.
E.Bayramlı məhkəmə prosesindən narazı olduğunu da bildirib.
“Məhkəmədə təqsirləndirilən Gülara Abdullayeva və Xəyal Yaxyayev zərərçəkənləri ittiham edirlər. Özlərini elə aparırlar ki, sanki bu qədər adama onlar zəzər vurmayıb. Ümid edirik ki, məhkəmə bizim iddiamızı təmin edəcək, amma davam edən proses bunu göstərmir. Zərərçəkənləri müxtəlif yollarla şikayətlərini geri aldırırlar, yerdə qalanlara isə məhkəmədə təzyiq göstərirlər. Sanki bizi aldatmayıblar, biz özümüz səhv etmişik, pullarımızı itirmişik”, – deyə E.Bayramlı əlavə edib.
Qeyd edək ki, Xəyal Yaxyayev və onun daxil olduğu mütəşəkkil dəstənin üzvləri əvvəllər də eyni əməllərlə, yəni sosial şəbəkələrdə maliyyə piramidası yaradaraq dələduzluqla məşğul olduqları üçün 2019-cu ildə Baş İdarənin əməkdaşları tərəfindən saxlanılmış və barələrində həbs qətimkan tədbirləri seçilmişdi.