18 mart 2021-ci il tarixdə Azərbaycan ədəbiyyatının klassiki, böyük maarifçi və ictimai-siyasi xadim Abdulla Şaiqin 140 illik yubileyinə həsr edilmiş “Arazdan Turana” adlı virtual konfrans keçirilib.
“Yeni Gündəm”-in məlumatına görə, konfrans, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, eləcə də, ortaq türk qurumları – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilinə Abdulla Şaiqin Mənzil-Muzeyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Türk Ədəbiyyatı Vəqfi, Dünya Gənc Türk Yazarlar Birliyi və ADPU Quba filialı dəstək verib.
Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açıb: “Konfransımız “Arazdan Turana” adlanır. Bu da təsadüfi deyil; irəliləyən dəqiqələrdə tanınmış sənətçimiz Azad Şükürov ustad ədibin eyniadlı şeirini səsləndirəcək – şeirin yalnız adı belə Abdulla Şaiqin, necə deyərlər, vizyonunu göstərir. Ümumiyyətcə Abdulla Şaiqin dünyabaxışı, həyat yolu onun şeirlərində öz parlaq inkasını tapıb – ürəyi, həyatı yaradıcılığına çöküb…
Abdulla Şaiqin anılması bizim nəsillərin, yeni nəsil aydınlarımızın, bir vəfa borcudur. Bəs bu borc özünü nədə ifadə edir? –
Abdulla Şaiq bir maarifçi idi;
Abdulla Şaiq milli mənlik şüurunun tərənnümçüsü, təbliğçisi və yaradıcılarından, onu zənginləşdirənlərdən biri idi.”
İlk olaraq Mədəniyyət naziri Anar Kərimov şairin həyat və yaradıcılığına aid əhatəli çıxış edib. Nazir Abdulla Şaiq irsinin günümüz üçün aktuallığı, onun xüsusilə maarifçilik, teatr və uşaq ədəbiyyatı yönündə fəaliyyətinin özünəməxsusluğu, örnək təşkil etməsinə dair fikirlərini bölüşüb. A.Kərimov tədbirin əlaqədar qurumların, o cümlədən ortaq türk qurumlarının təşkilatçılığı ilə keçirilməsini alqışlayıb, konfransın işinə uğurlar arzulayıb.
Ardınca Millət vəkili, AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli şairin yaradıcılığı haqqında danışıb. O bildirib ki, “Abdulla Şaiq XX əsrin əvvəllərində yeni ədəbiyyatın iki istiqamətdə yaranması və inkişaf etdirilməsinə öz töhfəsini vermişdir. O, yaradıcılığının ilk dövrlərində nəsr əsərlərində realist, şeirlərində romantik idi. Şeirləri ideal və insanlığa həsr olunub. Sovet dövründə maarifçi-realist kimi diqqəti çəkib. Sonrakı dövr haqqında deyə bilərik ki Abdulla Şaiq romantizm ağırlıqlı realist yazıçıdır. Onun tərcümə üçün seçdiyi əsərlər də maarifçi ədəbiyyatın prinsiplərinə uyğun gələn əsərlər idi. O, maarifçi ədəbiyyatın yeni bir mərhələsini yaradıb. Onu yazıçı kimi də, şəxsiyyət kimi də nümunə olaraq qəbul edirdilər. Hüseyn Cavidlə birlikdə ilk ədəbiyyat nəzəriyyəsi dərsliyi hazırlayıb. Azərbaycanda tənqid və tənqid tarixi məktəbi onun oğlu Kamal Talıbzadənin adı ilə bağlıdır. Kamal müəllimin Abdulla Şaiqin çox cildliyini hazırlayıb nəşr etdirməsi oğul borcu ilə yanaşı, ədəbiyyatşünaslıq qarşında böyük xidmətdir”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANAR öz çıxışında deyib ki, “Abdulla Şaiq xoşbəxt sənətkardır. Biz hələ oxumağı bacarmayanda bizə ilk öyrədilən əsərlər onun şeirləri olub. Onu Şekspir, Krılov, Nizami Gəncəvinin tərcüməçisi kimi tanıyırıq. Müstəqilik dövründə isə şairin yaradıcılığının yeni cəhətləri bəlli oldu. Kamal Talıbzadə onun sovet rejiminə etiraz ruhlu şeirlərini üzə çıxardı. Məlum oldu ki, onun cümhuriyyət dövründə yazdığı türkçülük ruhunda şeirləri də var. O, sovet dövründə bitərəfliyə ən böyük nümunə idi”.
Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darhan Kıdırali Azərbaycan ədəbiyyatını türk və müsəlman ədəbiyyatında bir çox ilkləri ilə seçilən ədəbiyyat adlandırıb. “Abdulla Şaiq uşaq ədəbiyyatındakı boşluğu doldurmağa çalışıb və öhtəsindən ustalıqla gəlib. Həmçinin marş ruhunda şeirlər də yazıb” – deyə Qazaxıstanlı ziyalı çıxışında vurğulayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva şairin türkçülük istiqamətində xidmətlərindən danışıb: “Abdulla Şaiq ümumtük ruhunda məktəblərin açılmasının tərəfdarı idi. Onun həmin məktəblərdə yetişdirdiyi şagirdlər sonralar bütün türk dünyasının görkəmli şəxsiyyətlərinə çevrildi. “Türk ocaqları”nın yaradılmasına təşəbbüs göstərən şairin şeirlərində türkçülük xətti üstünlük təşkil edirdi”.
TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı şairin “Fitnə” və “Qaraca qız” əsərlərinin TÜRKSOY tərəfindən nəşr edildiyini xatırladıb, ürək sözlərini bölüşüb.
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə bütün təşkilatçılara şairin ocağı-ailəsi adından təşəkkür edib. Xatırladıb ki, “onun yubiley tədbirləri 27 yaşından başlayıb. Özünün yaratdığı ilk anadilli məktəb onun ad gününü təşkil edib. 42 yaşı olanda ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi keçirilib. Sağlığında 75 illiyi dövlət tərəfindən yüksək səviyyədə qeyd olunub. 100 illik yubileyində adının əbədiləşdirilməsi ilə bağlı dövlət tərəfindən bir çox tədbirlər həyata keçirilib. 110 illiyində akademik Kamal Talıbzadənin təşəbbüsü ilə Mənzil-Muzeyi yaradılıb. Abdulla Şaiq 40 ilə yaxın bu mənzildə yaşayıb”.
Konfransda Regional Hüquqi və İqtisadi Marifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova, İstanbul “Türk Ocaqları”nın başqanı dr.Cezmi Bayram, “Azərbaycan “Türk Ocaqları”nın başqanı, “Şərq” qəzetinin baş redaktoru dr. Akif Aşırlı, ADUP-unun Quba filialının direktoru dos.dr.Yusif Afşar çıxış edib.
Konfransda Abdulla Şaiqin çoxşaxəli yaradıcı fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı maraqlı məruzələr təqdim edilib: “Abdulla Şaiq. Həyatı. Yaradıcılığı” (filologiya elmləri doktoru Cavanşir Yusifli), “Abdulla Şaiq və türkçülük” (filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimli), “Abdulla Şaiq – ədəbiyyatşünas” (filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva), “Abdulla Şaiq və teatr” (tarix elmləri doktoru Minaxanım Əsədova), “Abdulla Şaiqin uşaq yaradıcılığı” (filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı), “Abdulla Şaiqin pedaqoji fəaliyyəti” (pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov).
Əməkdar artist Azad Şükürov Abdulla Şaiqin məşhur “Arazda Turana” əsərini səsləndirib.
Çıxış və məruzələrdə Abdulla Şaiq yaradıcılığının bugünümüz – yeni nəsillər üçün aktuallığı, türk kimliyi, milli şüur baxımından, eləcə də, maarifçilik, uşaqların düzgün tərbiyələndirilməsi kimi məsələlərdə yenə Abdulla Şaiq yaradıcılığına müraciət edildiyi minnətdarlıqla vurğulanıb.
Tədbirin moderatoru Əkbər Qoşalı Martın 18-nin hər il Çanaqqala Şəhidlərini Anma Günü olaraq qeyd edildiyi xatırladıb, tədbirin məhz bu günə salınmasının təsadüfü olmadığını vurğulayıb, qardaş ölkənin və Azərbaycanın şəhidlərinin timsalında türk dünyası şəhidlərinin ruhu ehtiramla yad edilib.
Abdulla Şaiqin Əhməd Cavadla “Türk Ocaqları”nın Azərbaycan bölməsini yaratdığının xüsusi vurğulandığı konfransda o da qeyd olunub ki, bu gün də hamımız üçün doğma Türk Ocaqları həm Türkiyədə, həm də Azərbaycanda fəaliyyət göstərir.
Sonda Q.Paşayeva və Ü.Talıbzadə iştirakçılara və dəstək olan hər kəsə təşəkkürlərini bildirib. Q.Paşayeva çıxış və məruzələrdə səslənən fikirləri ümumiləşdirərək, bir sıra təkliflər irəli sürüb. Təkliflər sırasında müstəqil Azərbaycanın gənc nəsillərinin, özəlliklə tələbələrin Abdulla Şaiq irsini daha geniş bilməsi üçün onun Mənzil-Muzeyinə ziyarətlərin təşkil olunması, A.Şaiqin türkçülük ideyasının təbliğatı istiqamətdə “Türk Ocaqları” tərəfindən 140 illiyinin Türkiyədə qeyd edilməsi, şairin türkçülük ruhlu seçmə şeirlərinin Azərbaycanda və Türkiyədə çap edilməsi də var.