“Ölkəmizdə təşkil olunacaq planetin ən böyük tədbirlərindən biri COP 29 yaxınlaşdıqca beynəlxalq, qlobal antiazərbaycan qüvvələrin və güclərin aktivləşdiyinin şahidi oluruq. Ölkə başçısı cənab İlham Əliyev bununla bağlı öz çıxışında da söyləmişdi ki, “COP 29 yaxınlaşdıqca belə təzyiqlər, təsirlər artacaq və biz bunu bilirik. Amma bunların heç biri Azərbaycanın qətiyyətinin, Azərbaycanın maraqlarının və Azərbaycanın uğurlu siyasətinin qarşısını kəsə bilməz”. Qərb dairələrinin və digər bəlli qüvvələrin bu uğursuz cəhdləri özlərini dilemma qarşısında qoyur. Təbii ki bu qüvvələrin başında “dünyanın super gücü” olan və ədalətdən daha çox danışsa da, ədalətsizliklər edən ABŞ-dır”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, bu ölkə yalnız Azərbaycanla yox, digər COP konfranslarını təşkil edən ölkələrə də bu tədbirlər ərəfəsində bu və ya digər formada təzyiqlər edib. Həm Misirdə, həm də Ərəb Əmirliklərində keçirilən və ondan öncəki tədbirlərdə, konfranslarda da bu tədbirlərin keçirilməsində ABŞ özünü maraqlı göstərsə də və cürbəcür siyasi bəyanatlar versə də, əslində belə təzyiqləri həmişə edib.
Vüqar İskəndərov Vüqar İskəndərov
Deputatın fikrincə məqsəd bu təsirləri ilə və təzyiq etməklə həmin ölkələri gərgin situasiyada saxlamaq və onlara təsir göstərməkdir: “Təsirin məqsədi, həm özünün korporativ maraqları, həm də özünü transmilli şirkətləri üçün əlverişli qərarların alınmasıdır. Bu da artıq hamıya bəlli olan məsələlərdir. Birləşmiş Ştatlar belə tədbirlər öncəsi özünə sərfəli olan qərarların qəbul edilməsinə və özünün maraqlarına xidmət edən siyasət həyata keçirməkdədir.
Bu məsələlərlə bağlı Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da keçirdiyi brifinqdə bildirib.COP 29 öncəsi Qərbin Azərbaycana təsirləri barədə danışan Zaxarova qeyd edib ki, “iqlim dəyişikliyi Qərbi siyasətçilər tərəfindən çox tez-tez siyasi fəsad kimi istifadə olunur”. Əslində bu tədbirin əsas məqsədi, xüsusilə kasıb və inkişaf da olan ölkələrə dəstəklərin artırılması, inkişaf etmiş ölkələrin, daha doğrusu varlı ölkələrin inkişaf etməmiş və ya inkişafda olan ölkələrin maliyyələşdirilməsində təşviq olunması üçün stimullaşdırılmasıdır. Digər maraqlı tərəflərin ümumiyyətlə planetin qarşıdakı bu sahələrdə olan təhdidləri müzakirə etməsi, düzgün doğru qərarların verilməsi və planetimizi gözləyən təhlükələrdən qorunması məqsədi daşıyır. Azərbaycan bu böyük qlobal tədbirə ev sahibliyini özünün uğurlu inkişafı ilə, tərəqqisi ilə qazanıb”-deyən deputat bildirib ki, 200-ə yaxın ölkə Azərbaycanın bu tədbiri keçirməsinə dəstəkləyib və təbii ki, bu dəstəyin əsas mayasında ölkəmizə böyük etibar var. Çünki artıq dünya ölkələri bilir ki, Azərbaycan böyük qlobal dünya əhəmiyyətli tədbirlərin ev sahibliyi edən ölkədir. Belə tədbirlər həmişə Azərbaycanda ən yüksək səviyyədə və uğurlu şəkildə həyata keçirilib.
Deputat hesab edir ki, bu dəfə də Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı COP 29 konfransını nümunəvi formada təşkil edəcək: “Birləşmiş Ştatlar və digər Qərb dövlətləri, Fransa, digər qüvvələr humanitar dəyərə sahib və dünya üçün vacib olan böyük bir konfransdan siyasi təzyiq aləti kimi yox, onun əsl mahiyyətinə uyğun məsələləri ortaya qoyacaqlar. Əks halda onların hər hansı bir təzyiq və təsirləri nəticəsiz qalacaq. Nəticəsiz qalması da Azərbaycanın gücü, Azərbaycanın qətiyyəti, Azərbaycan prezidentinin uğurlu siyasətinin nəticəsidir və ölkəmizin bu gün inkişaf edən mövqeyidir. Artıq dünya ölkələri tərəfindən bu reallıqlar qəbul edilir”.