Merilend ştatının federal hakimi ABŞ Prezidenti Donald Trampın doğum hüququ ilə ölkə vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında fərmanının qüvvəsini qeyri-müəyyən müddətə bloklayıb.
Bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, hakim Debora Bordmen bir sıra hüquq müdafiə təşkilatları tərəfindən ABŞ prezidentinin fərmanının ləğvinə nail olmaq cəhdi ilə bağlı təqdim edilmiş iddia üzrə dinləmədən sonra müvəqqəti məhkəmə qadağası qərarı çıxarıb. Hakimin sözlərinə görə, fərman “ABŞ Konstitusiyasının 14-cü düzəlişinin mətninə birbaşa ziddir”. Müddətsiz qadağa bütün ölkəyə şamil edilir və işə baxıldığı müddətdə və ya yuxarı məhkəmə instansiyası onu ləğv edənə qədər qüvvədə qalacaq.
Yanvarın 20-də ABŞ prezidenti vəzifəsinə başlayan Tramp həmin gün axşam doğum hüququ ilə ölkə vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında fərman imzalayıb. “Reuters” agentliyinin məlumatına görə, sənəd qeyri-qanuni miqrantların uşaqlarına doğum hüququ ilə Amerika vətəndaşlığının verilməsinə məhdudiyyətlər nəzərdə tutur.
Növbəti gün 22 ştatın hakimiyyət orqanları Trampın fərmanına etiraz etmək üçün ABŞ məhkəmələrinə müraciət ediblər. Yanvarın 23-də Seattle Times qəzeti xəbər verib ki, Vaşinqton ştatının dairə məhkəməsi prezidentin bu fərmanını müvəqqəti olaraq bloklayıb./Report