Abşeron İH Zərifə Əliyeva küçəsini baxımsız qoyub – Fotobackend

“Xırdalan şəhərində Heydər Əliyev parkının yanındakı Zərifə Əliyeva küçəsində 3-cü evin həyətindən mənzərə belə görünür. Bir gündən bir daşınmalı olan zibil artıq 8 gündür həyətdə qalıb. Səbəb isə odur ki, Abşeron rayon İcra Hakimiyyəti öz vəzifəsinin öhdəsindən gəlmir”.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Xırdalan sakini iqtisadçı Samir Əliyev yazıb. O bildirib ki, həmin ərazidə zibil daşınması ilə bağlı problem dövrü olaraq baş verir. Bir ay normal işləyirlər, növbəti ay zibil daşınmasında problemlər yaşanır:

“Qonşu yaşayış kompleksində zibillər vaxtlı-vaxtında daşınır. Çünki özəl şirkət həyata keçirir. Bizim binada isə Abşeron rayon İH müxtəlif vasitələrlə binanı idarə edən MTK-ya imkan vermir ki, özəl şirkətin xidmətinə keçsin. Zibil daşınmasına məsul olan qurumun rəhbəri dəyişib. Yenisi söz vermişdi ki, təmizlənəcək. Artıq o da zənglərə cavab vermir. Səbəb isə maşın çatışmazlığıdır. Deməli, İcra Hakimiyyəti səlahiyyətlərindən sui-istifadə edərək MTK-lara təzyiq edir ki, onun xidmətindən istifadə etsinlər, bunun üçün isə zəruri maşın parkı yoxdur.
COP-29-a ev sahibliyi edən Azərbaycan ekologiyaya zərər vuran, müxtəlif xəstəliklər yaradan məişət tullantılarını düzgün idarə edə bilmir. Abşeron İH-nin başçısının başı yay mövsümündə Heydər Əliyev parkında yeni obyektlər (karusel, iaşə və s.) açmağa qarışıb. Bir azdan o parkda gəzməyə və nəfəs almağa imkan olmayacaq.
Məişət tullantılarının daşınması səlahiyyəti bələdiyyələrə verilməlidir”.

Qarşə tərəfin mövqeyini işıqlandırmağa hazırıq.