Abşeron rayonu Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsinin mərkəzində yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilir.
Ərzidə yaşayan sakinlər bildiriblər ki, may ayının əvvəlindən başlayaraq “Qurtuluş-93” yaşayış sahəsindəki “Ay Store” marketinin qarşısından “Yeni Bakı” yaşayış kompleksi istiqamətində salınmış yaşıllıq məhv edilir və yerində müxtəlif təyinatlı obyektlər tikilir: “Bu günlərdə səhər yuxudan oyandıq ki, yol kənarındakı yaşıllıq məhv edilib, ağaclar kəsilib. Belə gedişlə tezliklə ərazidə ağac, gül kolları qalmayacaq. Xahiş edirik, bizim səsimizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə çatdırasınız”.
Sakinlər xəbər verir ki, hazırda dəmir dirəklərin quraşdırıldığı həmin ərazidə xeyli sayda ağac və gül kolları olub. Onlar bunu sübut edən videogörüntü də təqdim ediblər. Həmin videolar bir neçə gündür çəkilib. Videolardan da görünür ki, ərazidə xeyli sayda ağac kəsilərək yerində quraşdırma işlərinə başlanılıb.
Sakinlərin sözlərinə görə, onlar ağacların məhv edilməsinə etirazlarını bildirsələr də, tikiləcək obyektin ərazisini yaşıl torla örtənlərə nəzarət edən şəxsdən bunun səbəbini soruşsalar da, sualı cavabsız qoyaraq ona “gedin işinlə məşğul olun, özünüzə problem yaratmayın” deyib: “Bizə həm də təsir edən odur ki, bir ağacın ətrafına kölgə salması, yaxud ağac halına gəlməsi üçün 5-10 il zaman lazım olur. Ancaq bunlar bir neçə dəqiqənin içərisində bu qədər ağacları məhv ediblər”.