“Ermənistan sülh sazşindən yayınmaqla qazanmır, əksinə itirə-itirə gedir və getməkdədir. 44 günlük müharibədən sonra Ermənistan tərəfi ağ bayraq qaldıraraq təslimçilik bəyanatı imzalamaqla sülh sazişinin əldə edilməsi üçün üzərinə öhdəliklər götürdü. Lakin Ermənistan tərəfi həmin öhdəlikləri icra etməkdən imtina etdi. Həmin öhdəliyə əsasən İrəvan Qarabağdakı erməni ordusunun qalıqlarını, terrorçu və separatçıları Azərbaycan ərazisindən çıxarmalı idi, lakin yerinə yetrimədi. Nəticədə itirən yenə də Ermənistan tərəfi oldu. Azərbaycan məcburiyyət qarşısında qalaraq beynəlxalq hüquqa uyğun olaraq yarımçıq qalan prosesi tamamlamaq və öz suveren hüquqlarını bərpa etmək üçün Qarabağda antiterror tədbirlərinə əl atdı. Müzəffər Ali Baş Komandanın əmrini çox yüksək səviyyədə peşəkarlıqla həyata keçirən şanlı ordumuz separatçı və terrorçuları 23 saat ərzində ağ bayraq qaldırmağa məcbur etdi”.
Bunu Ölkə.Az-a açıqlamasında deputat İlham Məmmədov deyib.
“Destruktiv mövqeyi nəticəsində itirən tərəf Ermənistan, qalib isə Azərbaycan oldu”, – o qeyd edib.
O əlavə edib ki, bundan sonra da Ermənistan Bakının şərtləri daxilində sülhdən yayındı, yenə də nəticəsi uğurlu olmadı: “Biz son vaxtlarda Ermənistan tərəfinin sülhdən yayınıb vaxt qazanmağa cəhd etdiyini və bəzi ölkələrin əli ilə silahlandığının şahidi oluruq. Amma unudurlar ki, bu silahlanma Ermənistana faciələrdən, fəlakətlərdən başqa yaxşı heç nə vəd etmir. Ermənistan 44 günlük müharibəyədək olan silahlanmasının acı dərslərindən nəticə çıxarmalıdır. İrəvan pullarını boş yerə silaha verməkdənsə, Azərbaycanın şərtləri daxilində sülhə imza atsa daha uğurlu nəticə əldə edə bilər. Bununla həm təhlükəsizliyini təmin edər, həm də xalqının rifah halının yaxşılaşmasına nail ola bilər.
Sülhdən yayınmaqla Ermənistan özünü təcriddə saxlamaqla öz təhlükəsizliyinə ciddi təhdid yaradır. Çünki Ermənistan regional əməkdaşlıq formatından kənarda qalır. Bu da ölkə iqtisadiyyatının daha da zəifləməsinə, ölkənin gələcək inkişaf perspektivini təhlükə altına atır.
Əgər Ermənistan dövlətçiliyinin uzunmüddətli olmasını və inkişafını istəyirsə, o zaman Bakının şərtləri daxilində sülh imzalamalıdır. Əks təqdirdə, istənilən sülhdən yayınma və ya revanşizm Ermənistan dövlətçiliyini süquta sürükləyəcək. Bu gün dünyada elə güc yoxdur ki, Ermənistanı üzləşəcəyi təhlükələrdən xilas edə bilsin. Ermənistan dövlətçiliyinin və erməni xalqının xilasının yeganə alternativi Azərbaycanla sülh müqaviləsi imzalayıb, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaqdan keçir. Bu olmadıqca, Ermənistanı növbəti faciələr gözləyir. Nə qədər gec deyil, Ermənistan bunlardan dərs çıxarsa yaxşı olar, sonra isə çox gec olacaq”.