Açıq-saçıq rollardan imtina etdi, özündən on bir yaş böyük adamla ailə qurdubackend

“Yeni Gundem” Kulis.az-a istinadən aktrisa Günəş Mehdizadə haqqında maraqlı faktları təqdim edir.

Günəş Raqib qızı Mehdizadə 8 aprel 1985-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan hər zaman aktrisa olacağını desə də, anası onun həkim olmağını istəyib. Ancaq məqsədyönlü şəkildə məktəbi bitirən kimi sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə verir. Dram-kino aktyorluğu fakültəsinə Vaqif İbrahimoğlunun kursuna daxil olur.

Vaqif İbrahimoğludan sənətin sirlərini öyrənən aktrisa sonralar İbrahimoğlunun yaratdığı Yuğ teatrında işləməyə başlayır. Ancaq Vaqif müəllim dünyasını dəyişəndən sonra aktrisa teatrdan uzaqlaşır. Bu haqda o müsahibələrinin birində deyir:

“Əslində, teatrı sevirəm, lakin qorxurdum, qorxurdum ki, teatra öyrəşərəm, sonra ayrıla bilmərəm. Mən Vaqif İbrahimoğlu kimi bir ustadın əlindən su içmişəm. Tələbələrin kurs müəllimi seçilən gün evə gələndə atam kimin kursunda olduğumu soruşdu. Vaqif müəllim olduğunu biləndə mənə bir kitab verdi, onun haqqında yazını oxumağımı tapşırdı. Vaqif İbrahimoğlu mənim xəyalımda bir kişi obrazı olmayıb. O, məni yaxşı mənada təəccübləndirən bir kişi olub. Ona çox alışmışdım, vurulmuşdum. Sənətinin heyranı idim. Teatra girəndə içimdən keçirdi ki, onu qucaqlayım, arada özümü saxlamırdım, onu qucaqlayıb öpürdüm. Həqiqətən çox istəmişəm, fikirlərinə, bizdən aktyor yox, ilk növbədə şəxsiyyət yetişdirməsinə vuruldum. O, bizə aktyorluqdan əvvəl şəxsiyyət olmağı öyrədirdi. Ona qarşı məhəbbətim başqa olub. Mənim üçün o cür düşüncəli ikinci bir kişi yoxdur. Ancaq o, dünyasını dəyişəndən sonra mən düşündüm ki, teatrda qalıb işləməyimin mənası yoxdur”.

23 yaşında universitet təhsilini başa vurur. Elə həmin ərəfədə də özündən on bir yaş böyük olan Rasim adlı şəxslə ailə həyatı qurur. Onların iki övladı dünyaya gəlir. Günəş xanım həyat yoldaşı ilə tanışlığı barədə deyir:

“11-ci sinifdə oxuyurdum. Meydançaların birində çəkiliş edirdilər, mən də təsadüfdən orada idim. Orda tanış olduq. O, da kino sahəsinin adamıdır, səs rejissorudur. Universitetə daxil olan gündən bitirənədək yanımda olub. Hər zaman deyir ki, “mən sənin əlindən tutub universitetə apardım”. Bütün bu yolların hamısını bir yerdə keçdik. Yəni bir-birimizi əvvəldən tanıdıq, bildik ki, kim nə işlə məşğul olur. Ssenarilərə bir yerdə baxırıq, seçirik, bir-birimizdən məsləhət alırıq. Onun istəmədiyi şeyləri “yox, bu olmalıdır”, – deyə təkid etmirəm. Sənətimi nə qədər sevsəm də, amalım olmayıb ki, nəyin bahasına olursa, olsun, bu sənətdə var olacam, qalacam. Bəlkə də, bu mənim zəifliyimdir, amma mənim üçün ailə daha öndədir”.

2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlayır. “Xəzər gəlini”, “Hökmdarın taleyi”, “Sübhün səfiri”, “Skripkaçı”, “Fədakar”, “Qayıdış”, “Gecə axını” kimi filmlərə, “Qaranlıqlar çiçəyi”, “Məryəm”, “Yad gəlin” adlı seriallara çəkilib.

***

2018-ci ildə “Sevgi naminə” serialına çəkilən aktrisa sevgili obrazında çıxış etməsinə baxmayaraq, öpüş səhnələrindən imtina edərək deyib:

“Açıq-saçıq səhnələr olmayacaq. Çünki bizim cəmiyyət hələ erotik səhnələrə hazır deyil. Baxmayaraq ki, türk və digər əcnəbi filmlərdəki açıq-saçıq səhnələrə həvəslə baxılır, özümüzə çatanda daş-qalaq edirik. Min cür söz danışırlar. Başlayırlar ki, əri ola-ola başqa kişilərlə sevgilidir. Başa salmaq olmur ki, bu obrazdır, reallıq deyil. Buna görə də məcbur olub, belə səhnələrdən imtina etməli oluruq”.

“Açıq-saçıq səhnələr olmayacaq. Çünki bizim cəmiyyət hələ erotik səhnələrə hazır deyil. Baxmayaraq ki, türk və digər əcnəbi filmlərdəki açıq-saçıq səhnələrə həvəslə baxılır, özümüzə çatanda daş-qalaq edirik. Min cür söz danışırlar. Başlayırlar ki, əri ola-ola başqa kişilərlə sevgilidir. Başa salmaq olmur ki, bu obrazdır, reallıq deyil. Buna görə də məcbur olub, belə səhnələrdən imtina etməli oluruq”.

2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür.

***

Aktrisanın ciddi təyyarə fobiyası var. Belə ki, bir neçə il əvvəl onun olduğu təyyarədə nasazlıq olduğundan təyyarə bir neçə saat yerə eniş edə bilmir. Həmin məqamda hər şeyin son olduğunu düşünən aktrisa xilas olması üçün allaha dualar edib. Elə həmin gündən sonra o, uzun müddət təyyarə ilə səfərlər etməyə qorxur.

Günəş Mehdizadə “Fədakar” filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilib. “Yoxdu belə söhbət” filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” peşə mükafatına namizəd olub.