Zəngilan rayonunun Ağalı kəndində növbədənkənar prezident seçkilərində seçicilər yüksək əhval-ruhiyyədə iştirak edirlər.
Səhər saatlarından başlayaraq seçicilərin fəallığı müşahidə edilir.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad edilən Zəngilan ərazisindəki məntəqələrdən olan 33 saylı seçki məntəqəsi Ağalı kəndinin məktəbində fəaliyyət göstərir. Dairə Seçki Komissiyasının sədri Əli Mönsümövün verdiyi məlumata görə, məntəqə üzrə 971 seçici qeydə alınıb ki, bunlardan da 603 nəfəri Ağalı kəndində yaşayan sakinlərdir.
Həmçinin 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə iştirak edirlər.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də fəallıq müşahidə edilir. Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı seçki məntəqəsi üzrə 615, Ağbənd qəsəbəsində olan 62 saylı seçki məntəqəsi üzrə isə 561 nəfər seçici qeydə alınıb. 125 saylı Zəngilan-Qubadlı dairə seçki komissiyasının Qubadlı rayonu üzrə fəaliyyət göstərən Xanlıq kəndi ərazisindəki 63 saylı seçki məntəqəsi üzrə 1387 seçici səs verə biləcək. Onların əksəriyyəti Zəngilan rayonu ərazisində çalışan işçilərdir.
Ümumlikdə, seçki dairəsi üzrə 66 seçki məntəqəsi üzrə 61179 seçici, 863 müşahidəçi qeydə alınıb.Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.