Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov, təşviqat qrupunun üzvləri Qalib Həsənov, Sevgili İbrahimova və Könül Musayeva çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən xarici siyasət kursundan geniş söz açılıb. Bildirilib ki, son 20 ildə ölkəmiz davamlı olaraq inkişaf etdirilib, Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısı kimi çıxış edib.
Natiqlər seçiciləri bütöv Azərbaycanda ilk dəfə keçiriləcək prezident seçkilərində qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər bildiriblər ki, onlar ölkəmizin davamlı inkişafının, təhlükəsizliyinin qarantı cənab İlham Əliyevə səs verəcəklər.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.