Ağdaşlıların kabusu İlqar İsmayılov kimdir?-190 AZN PROBLEMİ VƏ KORRUPSİYA!-VİDEObackend

Ölkə başçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar nəticəsində atılan daha bir qətiyyətli addım korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan amansız mübarizədir. Belə ki, dünyanı bürüyən koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib və dövlətin bu istiqamətdə vətəndaşlarının yanında olması, xüsusilə sosial həyat şəraiti qənaətbəxş olmayan əhaliyə ardıcıl dəstəklərin verilməsi hər bir azərbaycanlını sevindirir.

Dövlətimizin rəhbəri İlham Əliyev cənabları verdiyi vədinə sadiq qalaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu əməli işləri, verdiyi qərarları ilə sübuta yetirdi. O, eyni zamanda xalqının bir nömrəli xidmətçisi olduğunu təsdiq etdi. Əbəs deyil ki, çoxsaylı qərarlar sırasında aztəminatlı ailələrə 190 AZN miqdarında birdəfəlik yardım paketi də müəyyən olunub. Artıq paytaxt və regionlarda minlərlə şəxs bu yardımı alıb, ehtiyaclarına istiqamətləndiriblər.

Lakin təəssüf ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan geniş miqyaslı kampaniya, xüsusilə, yerlərdə məlum İcra Hakimiyyəti başçılarının və onların müavinlərinin, nümayəndələrinin həbslərindən hələ də nəticə çıxarmayan dövlət məmurları da var.

Cənab Prezident özünü xalqın bir nömrəli xidmətçisi kimi təqdim etdiyi halda, məmurlar xalqa yuxarıdan aşağıya baxır, onları kateqoriyalara bölürlər.
“Yeni Gündəm” saytına etibarlı mənbədən daxil olan məlumata görə, vətəndaşların növbəti narazılığına və hiddətinə Ağdaş rayonunda rast gəlinib.

Dövlət tərəfindən ayrılmış 190 AZN birdəfəlik yardım paketləri Ağdaş rayon Məşğulluq Mərkəzinin rəhbəri İsmayılov İlqar Tofiq oğlu tərəfindən qanunsuz yollarla mənimsənilib. Bildirilir ki, 43 nəfər ( daha da artıq olması mümkündür ) vətəndaşın kartları guya kompüterə qeyd olunması üçün qeyri-qanuni yollarla alınıb və pullar çıxarılıb. Hazırda da onların kartları geri verilmir. Sosial ehtiyacları olan sadə Ağdaşlılar isə şikayətlərini bildirərkən, onlara yuxarıdan aşağı baxılır, hətta onlar təhqir edilərək döyülürlər.
Saytımıza daxil olan video-görüntülərdən də bəlli olur ki, yardım köçürülmüş kartlarını almağa gedən vətəndaşların üzlərinə Ağdaş rayon Məşğulluq idarəsinin qapısı bağlanıb. Ötən gün isə bir nəfər vətəndaş idarənin rəhbərliyi və əməkdaşları tərəfindən döyülüb. Bu isə vətəndaşların ciddi narazılığına, hiddətinə səbəb olmaqdadır.

Məşğulluq idarəsinin rəhbəri İlqar İsmayılovun dövlət tərəfindən məşğulluğun artırılması məqsədi ilə ayırdığı layihə vəsaitlərini da mənimsəməsi barədə məlumatlar mövcuddur. Görünür, həm İlqar İsmayılov, həm də Ağdaş rayonunun məsələdən hali olan digər müvafiq dövlət qurumlarının səlahiyyətli şəxsləri unudurlar ki, xalqı dövlətdən narazı salmaq cinayətdir və cinayət varsa, mütləq onun cəzası da var.

“Yeni Gündəm” olaraq, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

P.S. Ümidvarıq ki, təqdim olunan problem qısa müddətdə öz həllini tapacaq və sadə Ağdaşlı sakinlərin haqlı narazılıqları aradan qaldırılacaq.

Yenigundem.az